“Tik-Tok”, “Instagram” və bu kimi sosial şəbəkələrdə qadınların səhifələrinə kiberhücumlar edərək şəxsi məlumatlarını ələ keçirən şəxs saxlanılıb.
Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Araşdırmalarla müəyyən olunub ki, 22 yaşlı Rəşad Məmmədov zərərçəkənlərə məxsus video, eləcə də fotolara xüsusi proqramlar vasitəsilə qeyri-etik səs effektləri və məlumatlar əlavə edərək sosial şəbəkələrdə özünə məxsus səhifələrdə paylaşıb.
Görüntüləri paylaşılan şəxslərlə əlaqə saxlayan R.Məmmədov onların adına saxta səhifələr yaratdığını bildirib və hədə-qorxu gələrək rüsvayedici profillərin silinməsi müqabilində müxtəlif məbləğlərdə pul tələb edib.
Faktlarla bağlı DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. R.Məmmədov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməklə barəsində istintaq müddətində həbs qətimkan tədbiri seçilib.
Onun bu kimi qanunsuz hərəkətləri nəticəsində zərərçəkən digər şəxslərin də dairəsinin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.