Maşında ürəkbulanmanı dərmansız azaltmaq olar - NECƏ?

01:30 - 05 Sentyabr 2025

Maşında ürəkbulanmanı dərmansız azaltmaq olar - NECƏ?

Əgər nəqliyyatda gedərkən sizi ürəkbulanma tutursa, musiqi kömək edə bilər, amma hər musiqi yox.


Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə alimlər bildirirlər. 

Alimlər müəyyən ediblər ki, kinetoza (nəqliyyatda ürəkbulanmanın elmi adı) qarşı gülərüz və şən musiqi kədərli musiqidən daha yaxşı kömək edir. Onlar bu nəticəyə apardıqları tədqiqat zamanı gəliblər.

Tədqiqatçılar xüsusi kalibrlənmiş sürücülük simulyatoru vasitəsilə iştirakçılarda ürəkbulanma simptomları yaradır və sonra müxtəlif musiqilər səsləndirirdilər. Aydın olub ki, yumşaq və şən musiqi ən yaxşı nəticə göstərir, kədərli musiqi isə musiqisiz vəziyyətdən belə daha az təsirli olur.

"Ürəkbulanma bir çox insan üçün səyahət təcrübəsini əhəmiyyətli dərəcədə korlayır, mövcud dərman üsulları isə tez-tez yan təsirlər, xüsusən də yuxululuq yaradır. Musiqi isə invaziv olmayan, ucuz və fərdiləşdirilmiş müdaxilə üsuludur”, deyə Çinin Cənub-Qərb Universitetindən doktor Sitsun Yue izah edib.

Alimlər qeyd edir ki, ürəkbulanma yaşayan insanlar adətən gərginlik keçirir, bu da əlamətlərin daha tez yaranmasına səbəb olur. Musiqi isə rahatladıcı təsirə malikdir. Bu fərziyyəni yoxlamaq üçün iştirakçılara elektroensefaloqrafik başlıqlar taxılıb və ürəkbulanma ilə bağlı beyin aktivliyi siqnalları qeydə alınıb.

Könüllülər altı qrupa bölünüb: dördü musiqi dinləyib, biri musiqisiz qalıb, bir kontrol qrupu isə yüngül simptomlar görünən kimi simulyatordan çıxarılıb.

Əvvəlcə iştirakçılar simulyatorda hərəkətsiz oturub beyin fəaliyyətinin əsas göstəriciləri ölçülüb. Sonra onlar sürücülük tapşırıqları yerinə yetirib ürəkbulanma səviyyəsini bildiriblər. Bundan sonra dörd qrup bir dəqiqə musiqiyə qulaq asıb və vəziyyətlərini yenidən qiymətləndiriblər.

Nəticələr belə olub:• Şən musiqi simptomları 57,3% azaldıb.• Yumşaq musiqi – 56,7%.• Coşqulu musiqi – 48,3%.• Kədərli musiqi – cəmi 40%, yəni musiqisiz vəziyyətdən də zəif.• Kontrol qrupunda adi istirahət – 43,3%.

EEQ məlumatları göstərib ki, beyin oksipital payının (görmə ilə bağlı sahə) aktivliyi simptomlar zamanı dəyişir və yaxşılaşmadan sonra normaya qayıdır.

"Tapıntılarımıza əsasən, səyahət zamanı ürəkbulanma keçirən insanlara şən və ya sakit musiqi dinləmək məsləhətdir”, – deyə doktor Yue əlavə edib.

Onun sözlərinə görə, bu nəticələr yəqin ki, təyyarə və ya dəniz səyahətlərindəki ürəkbulanmalara da şamil oluna bilər.

Alimlərin fikrincə, yumşaq musiqi rahatladaraq gərginliyi azaldır, şən musiqi isə diqqəti yayındıraraq beynin mükafat sistemini aktivləşdirir. Kədərli musiqi isə əksinə, mənfi emosiyaları gücləndirərək narahatlığı artırır.

Bununla belə, nəticələri təsdiqləmək üçün daha çox iştirakçı ilə əlavə araşdırmalara ehtiyac olduğu vurğulanır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az