5 sentyabr dünyada Beynəlxalq Xeyriyyəçilik Günü
kimi qeyd olunur. BMT tərəfindən təsis edilən bu günün əsas məqsədi yardımlaşma
və həmrəyliyin vacibliyini xatırlatmaqdır.
Məhz bu əlamətdar gündə Qırmızı Ürəklər Fondu
sosial həssas qruplardan olan tələbələrin təhsilinə dəstək məqsədilə “Onu Oxut”
aksiyasına start verir. Həyata keçirilən ianə aksiyasının əsas məqsədi əhalinin
sosial həssas qruplardan olan tələbələrin təhsil imkanlarını genişləndirmək,
onlara dəstək olmaqdır.
Xatırladaq ki, 2021-ci ildən başlayan “Onu oxut”
aksiyası çərçivəsində bugünədək 115 490 manat vəsait toplanılaraq, 76 tələbəyə
təhsil təqaüdü təqdim edilib.
Qırmızı Ürəklər Fondu xeyriyyəçilik təşəbbüslərinə
qoşulmaq istəyən hər kəsi “Onu Oxut” aksiyası çərçivəsində həmrəylik nümayiş
etdirməyə və gənclərə dəstək olmağa çağırır.
Aksiyaya fotodakı QR kodu oxudaraq, eləcə də Fondun
veb-saytı (https://redhearts.az/aktiv-aksiyalar/tehsil-teqaud), Kapital Bank terminalları,
Birbank və m10 mobil tətbiqləri vasitəsi
ilə ianə etmək mümkündür.
Qeyd edək ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu
2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq
fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə
ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi,
ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin
həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın
ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir.
Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək
sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil ola bilərsiniz.