Ənənədən trendlərə: kənd həyatını sevdirən TikTok yaradıcıları
Müasir dövrdə
insanlar getdikcə daha çox təmiz hava, təbii qidalar və orqanik yaşam tərzinə
can atırlar. Sürətli şəhər həyatı, süni qidalar və texnologiyanın gətirdiyi
yorucu gündəlik rejim içində kənd həyatı sanki bir sığınacaq, təbiətə dönüş
nöqtəsi kimi dəyərləndirilir. Əvvəllər yalnız kənddə yaşayanların gündəlik
rutini kimi görünən işlər – torpaq belləmək, heyvan saxlamaq, meyvə-tərəvəz əkib-becərmək,
mürəbbə və ya təndirdə çörək bişirmək – bu gün milyonlarla insanın izləməkdən
zövq aldığı ilhamverici məzmunlara çevrilib.
Rəqəmsal
platformalar, xüsusilə də TikTok bu prosesin əsas vitrini olub. Burada kənd həyatını
sevdirən, sadə, təmiz və saf yaşam tərzini izləyicilərə çatdıran onlarla
yaradıcı var. Onların videolarında kəndin səhər günəşi, torpaq qoxusu, əllə becərilən
bağ-bağat, təbiətin gözəlliyi və səmimi kənd insanlarının həyat hekayələri əks
olunur. Bu məzmunlar həm nostalji bir hiss oyadır, həm də təbiətə yaxın
yaşamağın nə qədər vacib və dəyərli olduğunu xatırladır.
Bu dəfəki məqalədə
kənd həyatını təbliğ edən və gündəlik kənd yaşamını maraqlı vizuallarla təqdim
edən 5 TikTok yaradıcıdan bəhs edəcəyik. Onlar təkcə öz kəndlərinin gözəlliklərini
göstərməklə kifayətlənməyib, həm də gənc nəsildə təbiətə bağlılıq, sağlam və
orqanik həyat tərzinə maraq oyadırlar.
Kənd həyatını əyləncəli şəkildə təqdim edən @shabi_faraj
Kənddə yaşayıb geniş izləyici
kütləsi qazanan və sevilən yaradıcılar arasında Şəbnəm xüsusi yer tutur. Onun məzmununun
əsas hissəsini mətbəx təşkil edir: dadlı yeməklər bişirir, qışa tədarük
hazırlayır, ənənəvi kənd reseptlərini izləyiciləri ilə bölüşür. Bununla
yanaşı, ev və həyət təmizliyi, təmiri, süfrə dekoru kimi gündəlik işləri də
maraqlı şəkildə təqdim edir.
Şəbnəm həm də həyətində
saxladığı toyuq-cücəsinə
qulluq etməsi ilə diqqət çəkir. O, TikTok trendlərinə qoşularaq kənd həyatının
yorucu deyil, əksinə əyləncəli, maraqlı və hüzurverici olduğunu göstərir. Onun
videoları sadə kənd həyatını izləyicilər üçün daha da cazibədar edir.
Kənd həyatını sevdirən fermer qız - @kendciqiz023
TikTok-da kənd həyatını təbliğ
edən gənc yaradıcı özünü “kəndçi qız” adlandırır. O, yaşadığı Göyçay rayonunda
gündəlik kənd həyatını izləyiciləri ilə bölüşür. İnək sağımaqdan tutmuş kənd məhsullarından yemək
bişirməyə, ot biçməkdən bağdakı meyvələri toplamağa qədər hər
bir işi həm əyləncəli, həm də maraqlı formada təqdim edir.
Onun videoları yalnız kənddəki gündəlik fəaliyyəti göstərmir, həm də təmiz, orqanik və saf həyat tərzini sevdirir. Bu yaradıcı sadə kənd həyatını izləyicilərə yaxınlaşdıraraq, kəndin gözəlliklərini və kənd insanının zəhmətini təbliğ edir.
Bölgələrin gözəlliklərini dünyaya tanıdan yaradıcı - @orkhanhu
TikTok-un ən maraqlı kənd
və təbiət mövzulu kontent yaradıcısı arasında Zaqatalada yaşayan istedadlı
videoqraf və dron pilotu da var. O, peşəkar baxış bucağı və texniki bacarıqları
ilə sadəcə gündəlik paylaşımlar etməklə kifayətlənmir, yaşadığı bölgənin
füsunkar mənzərələrini sənət əsərinə çevrilmiş kadrlarla təqdim edir.
Onun videolarında Zaqatalanın ucsuz-bucaqsız meşələri, dumana bürünmüş dağ zirvələri, çay kənarındakı sakitlik və kəndlərin təmiz havası izləyicilərə
sanki canlı şəkildə çatdırılır. O, yalnız öz bölgəsini deyil, qonşu rayonların da hələ kəşf edilməmiş, az tanınan təbiət
guşələrini çəkərək paylaşımlarına daxil edir.
Dron vasitəsilə çəkdiyi panoramik görüntülər izləyicilərə Azərbaycanın bu diyarını tamamilə fərqli bir prizmadan görmək imkanı yaradır.
Şəkidən kənd həyatını sevdirən @faridmustafayev_youtuber
Bölgələrdə kənd həyatını izləyicilərə
maraqlı formada təqdim edən yaradıcıların sırasında Şəkidə yaşayan Fərid də
var. O, yalnız öz kəndini deyil, gəzdiyi bölgələrin adətlərini, ləhcələrini və maraqlı məkanlarını da paylaşımlarında əks etdirir.
Fəridin videoları sadəcə gündəlik həyatın kadrları deyil, həm də bölgələrin mədəni rəngarəngliyini, insanların səmimiyyətini və kəndlərin özünəməxsus gözəlliyini göstərir. Beləliklə, o, həm izləyicilərə faydalı məzmun təqdim edir, həm də Şəki və ətraf kəndlərin zəngin irsini daha geniş auditoriyaya tanıdır.
Saf sevgi və kənd həyatının
gözəl hekayəsi - @zuxra.elchin
TikTok-da diqqət çəkən
maraqlı yaradıcı hesablardan biri kənddə yaşayan gənc ailəyə məxsusdur. Onlar köhnə kənd evini öz zəhmətləri ilə təmir edir, köhnə
mebelləri rəngləyərək onlara yeni həyat bəxş edirlər. Bu proses həm izləyicilər
üçün maraqlı bir təcrübə, həm də kənd həyatının səmimiliyinin göstəricisidir.
Cütlük bununla kifayətlənməyib, köhnə və qırılmış əşyalardan yaradıcılıqla yeni əl işləri hazırlayır. Hər paylaşımda onların gəncliyə xas saf sevgisi və kənd həyatının təmiz, hüzurverici ab-havası duyulur. Beləcə, onların hekayəsi həm sevginin, həm də sadə kənd həyatının gözəlliyini izləyicilərə çatdırır.
Bir sözlə, TikTok
həm də kənd həyatının sadəliyini, təmizliyini və orqanik dəyərlərini geniş
auditoriyaya çatdıran bir platformaya çevrilib. Bu yaradıcıların paylaşdıqları
videolar kəndin zəhmətini, təbiətin gözəlliyini və saf yaşam tərzini izləyicilərə
sevdirir. Onların məzmunu göstərir ki, kənd həyatı sadəcə keçmişin xatirəsi
deyil, həm də gələcək üçün ilhamverici yaşam tərzidir.