- Şirvanşahlar Sarayı Kompleksində “Şirvanşahlar dövləti. Minillik tarixə dair yeni məxəz” adlı elmi-praktiki konfrans və XV əsr Azərbaycan şairi Bədr Şirvaninin “Divan” əsərinin Azərbaycan dilinə tərcümə edilmiş kitabının təqdimat mərasimi keçirilib.
Manset.az xəbər verir ki, tədbiri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin
İdarə Heyətinin sədri Rüfət Mahmud açıb. Tədbirdə İdarə rəhbərliyi, alimlər, tədqiqatçılar
və digər rəsmi qonaqlar iştirak ediblər.
Konfransda Şirvanşahlar dövrünün dövlətçilik ənənələri,
siyasi idarəçilik mədəniyyəti, saray və cəmiyyət münasibətləri, iqtisadi və
hüquqi münasibətlərin təşkili barədə müzakirələr aparılmış, tarixi sənədlər və
yeni tədqiqat materialları təqdim edilib. Alimlər və tədqiqatçılar, həmçinin Bədr
Şirvaninin poetik irsinin Azərbaycan dilinə tərcüməsinin tarixi və ədəbi əhəmiyyəti
haqqında çıxış edərək, əsərin həm bədii, həm də elmi dəyərini diqqətə
çatdırıblar.
Tədbir zamanı qiraətçi tərəfindən şairin şeirlərindən iki
beyt səsləndirildi.
Bədr Şirvani (1387–1450) yalnız klassik Azərbaycan
poeziyasına deyil, həm də Azərbaycan ədəbi dilinin inkişafına mühüm töhfələr
vermişdir. Onun “Divan”ı XV əsrin birinci yarısının dil, tarix, sosial-iqtisadi
və siyasi həyatına dair qiymətli məlumatlarla zəngindir və ilkin mənbə dəyərinə
malikdir.
“Divan” əsərinin Azərbaycan dilinə elmi tərcüməsi “İçərişəhər”
Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə çap edilib. Əsərin əlyazması
hazırda Özbəkistan Respublikasının Elmlər Akademiyasının Şərqşünaslıq
İnstitutunda mühafizə olunur.
Sonda iştirakçılara kitab nüsxələri hədiyyə edilib, tədbir
klassik instrumental musiqi ilə başa çatıb.