- Elektron Təhlükəsizlik Xidmətinin (ETX)
nümayəndələri 15-19 sentyabr tarixlərində Mərakeş Krallığının Rabat şəhərində
keçirilmiş “Regional Kibertəhlükəsizlik Həftəsi 2025”-də iştirak ediblər.
Manset.az xəbər verir ki, tədbir çərçivəsində ETX-nin
Beynəlxalq əməkdaşlıq sektorunun aparıcı mütəxəssisi Elşad Haşimov və Kibertəhlükəsizlyinin
idaredilməsi sektorunun aparıcı məsləhətçisi Rüstəm Müzəffərov kibertəhlükəsizlik
sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, eləcə də əməkdaşlığın gücləndirilməsi
məqsədilə müxtəlif görüşlərdə, həmçinin yeni təhdidlər və onların qarşısının
alınması istiqamətində müzakirələrdə iştirak ediblər. Onlar tədbir çərçivəsində
təşkil edilmiş 13-cü Regional "CyberDrill" və digər kiber yarışlara
da qatılıblar.
Qeyd edək ki, Regional Rabitə
Birliyinin (RCC) təşkil etdiyi tədbir Mərakeşdə İnformasiya Sistemlərinin Təhlükəsizliyi
Baş İdarəsinin (DGSSI) tərəfdaşlığı, Beynəlxalq Telekommunikasiya İttifaqı
(ITU), OIC-CERT və FIRST təşkilatları ilə əməkdaşlıq çərçivəsində baş tutub.
“Dayanıqlı İqtisadi İnkişaf üçün Rəqəmsal Suverenlik” mövzusuna həsr olunmuş tədbirin
əsas məqsədi kibertəhlükəsizlik sahəsində regional əməkdaşlığın gücləndirilməsi,
kritik infrastrukturun mühafizəsi və rəqəmsal suverenlik prinsipləri əsasında
davamlı iqtisadi inkişafın təmin olunmasıdır.