Prezident İlham Əliyev Qarabağ və işğaldan azad edilmiş digər ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların səmərəli istifadəsi və inkişafı ilə bağlı 27 aprel 2021-ci il tarixində mühüm fərman imzalayıb. Sənədə əsasən, bu torpaqların idarə edilməsi və icarəyə verilməsi prosesi Kənd Təsərrüfatı Nazirliyinə tapşırılır. Fərman regionda aqrar sahənin canlandırılması, fermerlər üçün yeni imkanların yaradılması və azad edilmiş torpaqlarda məhsuldar kənd təsərrüfatı mühitinin formalaşdırılmasını hədəflənib.
Amma bir məqamı da qeyd etmək lazımdır ki, Kənd Təsərrüfatı Nazirliyi və onun tabeliyində olan qurumlar Qarabağda - işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişafı ilə bağlı hansısa geniş işlər görməyib. Belə ki, Qarabağda kənd təsərrüfatı ilə bağlı layihələrin həyata keçirilməsi, aqrar sahənin inkişafı ilə bağlı böyük layihələr həyata keçirilməyib. Sadəcə işğaldan azad olunmuş ərazilərə köçürülmüş əhali öz kiçik həyətlərində müəyyən əkin işləri ilə məşğul olurlar və nəticədə yalnız özlərini müəyyən qədər təmin edə bilirlər.
Mövzu ilə bağlı Manset.az Kənd Təsərrüfatı Nazirliyinə sorğu ünvanlayıb. Təəssüflər olsun ki, qurumdan verilən cavaba nəzər saldıqda görə bilirik ki, verdiyimiz suallar ətrafında deyil, öz uyğun gördükləri formada sorğunu cavablandırıblar. Belə ki, Qarabağ ərazisində kənd təsərrüfatının inkişafı ilə bağlı sualımız təmamilə cavabsız qalıb və sadəcə icarə məsələsinə toxunulub. Həmin cavabı sizə təqdim edirik:
“Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 noyabr tarixli 236 nömrəli Fərmanının 4.1-ci bəndi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 26 dekabr tarixli 544 nömrəli qərarı ilə təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydaları”na əsasən, bu ildən etibarən məskinlaşmış kəndlərdə kənd təsərrüfatı təyinatlı torpaqların sakinlərə icarəyə verilməsi prosesinə başlanılıb. Prosesə ilk olaraq, Zəngilan rayonunun Ağalı kəndində start verilib, ilk mərhələdə Kənd Təsərrüfatı Nazirliyi ilə kooperativlərdə birləşmiş kənd sakinləri arasında icarə müqavilələri imzalanıb. Müraciətləri təsdiqlənmiş digər kənd sakinləri ilə icarə müqaviləsinin bağlanması və icarəyə verilən ərazilərin sakinlərə yerində tanıdılması prosesi iyun ayında başa çatıb”.
Qurumdan verilən məlumatda qeyd olunub ki, hazırda doğma yurdlarına köçmüş vətəndaşlara əkin təyinatlı torpaqların icarəyə verilməsi prosesi Xocalı rayonunun Ballıca və Xanyurdu, Laçın rayonunun Zabux kəndində davam edir.
“İlin sonuna kimi məskunlaşmış daha bir neçə kənddə torpaqların sakinlərə icarəyə verilməsi nəzərdə tutulur. İcarə müqavilələrinin müddəti birillik bitkilər və yonca üçün 2 il, çoxillik bitkilər üçün 5 il təşkil edir. Növbəti illərdə torpaqdan səmərəli istifadənin nəticəsinə uyğun olaraq müqavilələrin müddəti uzadıla bilər. İcarə müqavilələri üzrə ödəniş əmsalı 0-dır. Yəni, sakinlər icarəyə götürdükləri torpaq sahələrinə görə heç bir ödəniş etmirlər.
Əkinə yararlı torpaq sahələrinin məskinlaşmış kəndlərin sakinlərinə icarəyə verilməsi sakinlərin məşğulluğunun təmin ediıməsində, gəlir sahələrinin yaradılmasında mühüm rol oynayır”.
Təqdim edilən cavabdan bu nəticə ortaya çıxır ki, nazirlik Qarabağ ərazisində kənd təsərrüfatının inkişafı istiqamətində sadəcə torpaqların icarəyə verilməsi ilə kifayətlənir. Bu nəticəyə əsasən də sual yaranır. Bəs sözügedən ərazilərdə Kənd Təsərrüfatı Nazirliyinin özünün fəaliyyəti niyə yoxdur?