Son günlər Azərbaycan orta məktəblərində məktəblilər arasında yoluxucu xəstəliyin yayılması haqqında məlumatlar var. Valideynlər bildirirlər ki, bu xəstəlik əsasən, məktəblilərin ağız içində, əllərində və ayaqlarında yaranır. Eyni zamanda xəstəlik qızdırma ilə də müşahidə olunur. Bu da şagirdlərin dərslərə davamiyyətinə təsirsiz ötüşmür. Valideynlərin sözlərinə görə, həkimə müraciət etsələr də, bu simptonlara həkimlər tərəfindən konkret diaqnoz qoyulmur və sadəcə yüngül vitamin preperatları yazılır.
Sözügedən xəstəliklə bağlı
Manset.az-a danışan həkim-infeksionist Mərdan Əliyev bildirib ki, bu, hazırda Azərbaycanda fəallaşmış koksaki virusudur:
“Bu virus, əslində, hər il Azərbaycanda müşahidə olunan virusdur. Yeni bir virus deyil. Uşaqlar arasında əllərdə, ayaqlarda və ağızətrafında sulu səpkilərlə müşahidə olunur. Virus uşaqlar arasında hava-damcı yolu ilə yoluxur. Daha çox bağça və məktəbə gedən uşaqlarda müşahidə olunur”.
İnfeksionist qeyd edib ki, bu elə də güclü xəstəlik olmadığına görə, həkimlər tərəfindən ağır dərmanların təyin olunmaması olduqca normaldır:
“Bu qrip kimi yüngül bir xəstəlikdir. Yəni bu virusun da konkret və spesifik müalicəsi yoxdur. Yalnız simptomatik müalicə aparılmalıdır. Məsələn, qızdırma varsa, qızdırma endirici dərmanlar verilir, evdə şəraitində olmaq, istirahət və s.”.
Mərdan Əliyev xüsusilə vurğulayıb ki, sözügedən xəstəlik ağır xəstəlik deyil və yüksək qızdırma ilə də müşahidə olunmur. Lakin 2 yaşına qədər uşaqlarda bəzi hallarda ağırlaşma ola bilər. Səbəb isə immunitetin zəif olmasıdır.
Fidan Vəlisoy