Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 8 Noyabr - Zəfər Günü münasibətilə
“Tarixi Zəfər” tədbiri keçirilib.
Manset.az xəbər verir ki, tədbirdə
dövlət rəsmiləri, AHİK-in rəhbərliyi və kollektivi, üzv təşkilatların nümayəndələri
iştirak ediblər.
Əvvəlcə
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz
xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə
çıxış edən Konfederasiya sədri Sahib Məmmədov Zəfər Gününün tarixi əhəmiyyətindən,
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yüksək sərkərdəlik məharətindən,
uzaqgörən siyasətindən və müdrik qərarlarından söz açıb, əsgər və zabitlərimizin
döyüş meydanında göstərdiyi igidlik və qəhrəmanlıqlardan, xalqımızın sarsılmaz
birliyindən bəhs edib.
Vurğulanıb
ki, bu möhtəşəm Qələbə Ulu Öndər Heydər Əliyevin ideyalarının, cənab Prezident
İlham Əliyevin qətiyyətli siyasətinin nəticəsi, minilliklərə söykənən qədim
tariximizin qürur səhifəsi və qəhrəmanlıq salnaməsidir. Qeyd olunub ki, haqq
savaşımızda qəhrəmancasına döyüşərək üçrəngli Bayrağımızı işğaldan azad edilmiş
torpaqlara sancan mübariz oğul və qızlarımızın şücaəti dövlətimiz və xalqımız tərəfindən
yüksək qiymətləndirilir, şəhid ailələrinin və qazilərin sosial rifahı daim diqqətdə
saxlanılır.
Hazırda
azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, Şərqi
Zəngəzur və Qarabağ dirçəldilir və bu torpaqlara yenidən həyat qayıdır.
AHİK
sədrinin müşaviri, Vətən müharibəsi iştirakçısı Kamran Umudov keçdiyi döyüş
yolundan, komandiri olduğu əsgərlərin əzmkarlığından və yüksək döyüş ruhundan
danışıb.
Müharibə,
Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov
isə çıxışında Azərbaycan Ordusunun gücünü, dövlətimizin müharibə
iştirakçılarına göstərdiyi diqqət və qayğını qeyd edib.
Tədbir
çərçivəsində Vətən müharibəsində əsgər və zabitlərimizin qəhrəmanlıqlarını,
xalqımızın birliyini və qələbəyə olan inamını əks etdirən film nümayiş
etdirilib.
Əməkdar
artist Ağalar Bayramovun vətənpərvərlik mövzusunda səsləndirdiyi şeirlər, Vətən
müharibəsi qazisi və müğənni Məbud Əhmədovun ifasında təqdim olunan qələbə
ruhlu mahnılar maraqla qarşılanıb. Həmçinin şəhid övladlarından ibarət xor
qrupunun “Şəhid övladlarının zəfər sədası” kompozisiyası alqışlarla müşayiət
olunub.
Tədbir
müğənni Gülzar Fərəcovanın ifasında dövlətimizin qüdrətini və xalqımızın qələbə
ruhunu tərənnüm edən “Yaşa, Azərbaycan!” mahnısı ilə başa çatıb.