Ana dilimiz bizim kimliyimiz, düşüncə tərzimiz, ruhumuzun ifadəsidir. Onu qorumaq, saflığını saxlamaq isə hər birimizin borcudur.
Manset.az xəbər verir ki, bunu bu gün “Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi” konfransı çərçivəsində keçirilən “Televiziya və radio məkanında Azərbaycan ədəbi dilinin normalarına əməl olunması vəziyyəti və nitq mədəniyyəti” mövzulu panel sessiyada Azərbaycan Televiziyasında uzun illər diktor işləmiş, jurnalist Gülşən Əkbərova deyib.
O, televiziya mütəxəssisi kimi müxtəlif kanalları daim izlədiyini vurğulayıb diqqət çəkib:
“Təbii ki, efirdə müəyyən qüsurlar da müşahidə olunur. Aparıcıların və çıxış edən qonaqların nitqində heca vurğusuna, fonetik, leksik və qrammatik normalara bəzən kifayət qədər diqqət yetirilmir. Halbuki efir dili cəmiyyətə nümunə olmalıdır, çünki milyonlarla tamaşaçı onu eşidir, ondan öyrənir. Dövlətimizin başçısı İlham Əliyev də AMEA-da çıxışı zamanı bu məsələyə xüsusi diqqət yetirib. Doğurdan da, əgər bir sözün bizdə qarşılığı varsa, xarici sözlər işlədilməməlidir”.
G.Əkbərova sonda gənc diktorlar, aparıcı və jurnalistlərə vurğu lüğətlərindən daha çox istifadə etməyi məsləhət görüb: “Çünki düzgün vurğu, aydın tələffüz və ədəbi dilə sadiqlik efir mədəniyyətinin ayrılmaz hissəsidir. Ana dilimiz bizim milli sərvətimizdir. Onu qorumaqla biz öz kökümüzü, tariximizi və gələcəyimizi qoruyuruq”.