Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Azəryolelmitədqiqatlayihə” İnstitutu tərəfindən avtomobil yollarının yüksək keyfiyyətlə tikintisi və uzunömürlü istismarı məqsədilə təşkil edilən ixtisasartırma kursları uğurla yekunlaşıb.
İxtisasartırma kurslarının təşkilində məqsəd avtomobil yollarının tikintisində istifadə edilən materialların yoxlanmasında yeni texnologiyalara əsaslanan testlərin tətbiqi, ağır tonnajlı nəqliyyat vasitələrinin təsirinə məruz qalan yol örtüyünün qorunması və uzunömürlüyünün təmin olunması məqsədilə ixtisaslı mütəxəssislərin yetişdirilməsidir.
Kurslarda layihəçilər, layihə axtarış və geoloji tədqiqat mütəxəssisləri, laborantlar, operatorlar, mexaniklər, yol ustaları, əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mütəxəssislər hazırlanıb. Tədris 40 saatlıq proqram əsasında “Yol inşaat materiallarının laboratoriya sınaqları”, “Avtomobil yollarının tikintisi” (mexanizator, avtoqreyder və s.), “Əməyin mühafizəsi və texniki təhlükəsizlik”, “Layihə-axtarış işləri” kimi mövzuları əhatə edib.
Kursu uğurla başa vuran iştirakçılara Zəfər Günü ərəfəsində keçirilən tədbir zamanı müvafiq sertifikatlar təqdim olunub.