1 saylı Vəkil Bürosunun yeni inzibati binasının açılışı oldu

11:02 - 30 Dekabr 2025

1 saylı Vəkil Bürosunun yeni inzibati binasının açılışı oldu

2025-ci il dekabrın 29-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) rəhbərliyinin iştirakı ilə Bakı şəhəri 1 saylı Vəkil Bürosunun yeni inzibati binasının açılış mərasimi keçirilib.


Manset.az xəbər verir ki, tədbirdə VK-nın rəhbərliyi ilə yanaşı, vəkillər və büro əməkdaşları iştirak ediblər.

Açılış mərasimi çərçivəsində qonaqlara yeni ofis təqdim olunub. Bakı şəhəri 1 saylı Vəkil Bürosunun rəhbəri İlqar Bəhrəmiyyə büro barədə ətraflı məlumat verərək bildirib ki, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, giriş 225, M3, m2 ünvanda müasir standartlara uyğun şəkildə qurulan ofis vəkillərin peşə fəaliyyətinin səmərəli təşkili üçün bütün zəruri şəraitlə təmin edilib. Ümumi sahəsi 216 kvm olan büroda geniş və işıqlı vəkil otaqları, konfidensial görüş üçün ayrıca otaq, konfrans zalı, mətbəx, mühasibat otağı və sanitar qovşağı mövcuddur.  Otaqlar müasir texniki avadanlıqlar və mebellə təchiz olunub, vəkillərin istirahəti, vətəndaşların qəbulu üçün rahat imkanlar yaradılıb.

Kollegiyanın sədri Anar Bağırov açılış mərasimində çıxış edərək iştirakçıları salamlayıb, yeni büronun fəaliyyətə başlaması münasibətilə təbriklərini çatdırıb və kollektivə uğurlar arzulayıb. Sədr son illər VK tərəfindən həyata keçirilən islahatlardan, vəkillik institutunun inkişafı istiqamətində görülən işlərdən, habelə vəkillərin sayında müşahidə olunan artımdan bəhs edib.

Anar Bağırov vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 28 dekabr tarixinin Vəkil Günü kimi təsbit edilməsi ölkəmizdə vəkillik institutuna, vəkillərin peşəkar fəaliyyətinə və onların ədalət mühakiməsinin təmin olunmasında mühüm roluna göstərilən yüksək dövlət diqqətinin və dəyərin bariz nümunəsidir.

Sədr bildirib ki hazırda ölkə üzrə fəaliyyət göstərən vəkil bürolarının sayı 144-ə çatıb və bu qurumların hamısı beynəlxalq standartlara cavab verən maddi-texniki baza ilə təmin olunub. Qeyd edilib ki, bu addımlar vətəndaşların keyfiyyətli və əlçatan hüquqi yardımla təmin edilməsinə xidmət göstərir.

Eyni zamanda sədr respublika üzrə bütün vəkil qurumlarının maddi-texniki vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlərin görüldüyünü, Kollegiya tərəfindən bu məsələyə xüsusi diqqət yetirildiyini vurğulayıb.

Tədbirin sonunda büroda fəaliyyət göstərən vəkillərin iştirakı ilə iclas keçirilib. Görüş zamanı vəkillərin peşə fəaliyyəti ilə bağlı qarşılaşdıqları məsələlər və təklifləri dinlənilib, VK-nın Rəyasət Heyəti tərəfindən son dövrdə görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verilib, həmçinin vəkilləri maraqlandıran suallar ətraflı cavablandırılıb.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az