Dörd ay əvvəl sahibi olduğu brend mağazanın icraçı direktoru işləyən qadını xüsusi amansızlıqla öldürməkdə ittiham olunan biznesmen Emil Ağcanov cinayət məsuliyyətindən və cəzadan azad edilə bilər.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, ibtidai istintaq müddətində aparılan psixiatriya yoxlamaları 48 yaşlı Ağcanovun hadisəni anlaqsız vəziyyətdə törətdiyini ortaya çıxarıb.
Təqsirləndirilən şəxsin psixoloji durumu hələ də normal olmadığından o, istintaq təcridxanasından çıxarılaraq ixtisaslaşmış tibbi müəssisəyə yerləşdirilib.
Toplanmış materiallar bu yaxınlarda Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş beş ailə üzvünü anlaqsız vəziyyətdə öldürən Əhməd Əhmədovun cinayətini araşdıran hakim Səbinə Məmmədzadənin icraatına verilib.
.jpg)
Prokurorluq qərarında Emil Ağcanovun xüsusi amansızlıqla adam öldürməkdə təqsirli bilinməsini, lakin anlaqsız olduğundan cəzadan azad edilərək psixiatriya mərkəzinə yerləşdirilməsini istəyir.
Qətlə yetirilən 37 yaşlı İradə Muradovanın yaxınları isə qərarla razılaşmır. Zərərçəkmiş şəxsin bacısı Rəna Muradova cinayət işi üzrə istintaqın və tibbi yoxlamanın düzgün aparılmadığı ilə bağlı prokurorluq orqanlarına çoxsaylı müraciətlər edib.
Fotoda Emil Ağacanov
.jpg)
Məhkəmə bundan sonrakı mərhələdə təqsirləndirilən şəxsi yenidən tibbi yoxlamadan keçirə və işi araşdırdıqdan sonra ittiham tərəfi ilə eyni və ya fərqli nəticəyə gələ bilər.
Yaxın günlərdə iş üzrə məhkəmə istintaqı başlayacaq.
Qeyd edək ki, mərhum İ.Muradova ötən ilin avqustunda Emil Ağcanovun evində boğularaq öldürülmüş vəziyyətdə tapılıb. E.Ağcanov biznes fəaliyyəti ilə məşğul olub. O, “Chermington Transportation Services”, “AZRENT”, “Caspi Style” şirkətlərinin və İtaliya brendi “YAMAMAY” mağazasının sahibidir.