logo
logo logo
logo

"Bütün məkrli planları puça çıxacaq" – Deputatdan ilginc açıqlamalar 

17:00 - 05 Noyabr 2026

\"Bütün məkrli planları puça çıxacaq\" – Deputatdan ilginc açıqlamalar 

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə Ümumi Komitəsinin sədri Azay Quliyev Musavat.com-un suallarını cavablandırıb.


44 günlük Vətən müharibəsinin yekununda qazandığımız tarixi Zəfərimiz, bu qələbələrdən sonra ayrı-ayrı mərkəzlərin ölkəmizə qarşı həyata keçirdiyi təxribat və təzyiq siyasəti, ideoloji düşmənlərimizə qarşı mübarizədə qarşımızda duran vəzifələr və digər vacib mövzulara həsr olunan müsahibəmizi təqdim edirik:

- Azay bəy, üç gün sonra xalqımız tariximizin ən şanlı səhifələrindən birinin – 8 Noyabr Zəfər Gününün altıncı ildönümünü qeyd edəcək. Bu tarixi hadisənin Azərbaycan dövlətçiliyi və xalqımızın gələcəyi baxımından əhəmiyyətini necə qiymətləndirirsiniz?

- 8 Noyabr Zəfər Günü, şübhəsiz ki, müasir tariximizin ən möhtəşəm hadisələrindən biridir. Bu Zəfər sadəcə 44 gün ərzində torpaqlarımızın işğaldan azad edilməsi, Azərbaycan dövlətinin gücünün, iradəsinin və qətiyyətinin bütün dünyaya nümayiş etdirilməsi deyildi. Bu, eyni zamanda, 2023-cü il sentyabrın 20-də dövlət suverenliyimizin tam bərpasına aparan yolun başlanğıcı idi. Məhz buna görə də “8 Noyabr Zəfər Günü”nü “20 Sentyabr Suverenlik Günü”ndən ayrı təsəvvür etmək mümkün deyil. Bunlar vahid milli mücadilənin iki möhtəşəm tarixi zirvəsidir. Hər iki hadisənin çox dərin siyasi, geosiyasi, mənəvi, tarixi və hüquqi əhəmiyyəti, eləcə də qlobal nəticələri var. Azərbaycan bu qələbə ilə təkcə öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmədi, həm də beynəlxalq münasibətlər sistemində özünün yeni geosiyasi mövqeyini müəyyənləşdirdi.

8 noyabr-Zəfər Günü" dəmir yumruğa çevrilən xalqımızın imza günüdür- 

-Cənab Prezident öz çıxışlarında da olduqca vacib tövsiyəsini edib: Zəfərimizlə bağlı mövzunu istismar etməməli! Odur ki, tarixi qələbələrimizdən bəhs edərkən məsələlərə kompleks yanaşmanın, fəaliyyətimizi hərtərəfli qurmağın daha effektli olacağı düşüncəsindəyik, yəqin ki, bu mövqe ilə razılaşarsınız. İcazənizlə, bu məsələdən bəhs edərkən ilk növbədə siyasi aspektdən yanaşaq. Azərbaycan Zəfərinin beynəlxalq siyasət və münaqişələrin həlli baxımından hansı əhəmiyyəti oldu?

- Siyasi əhəmiyyəti ondan ibarətdir ki, son 80 ildə Azərbaycan dünyada uzun müddət davam edən ən qanlı dövlətlərarası münaqişələrdən birini hərbi-siyasi yolla, öz gücü hesabına həll edən dövlət oldu. Eyni zamanda, 27 il kağız üzərində qalan BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icrasını təmin etdi. Azərbaycan Ermənistanı kapitulyasiyaya məcbur etdi, qələbənin nəticələrini tanımağı, ölkəmizə qarşı ərazi iddialarından birdəfəlik imtinanı nəzərdə tutan sülh sazişini paraflamağa, ATƏT-in fəaliyyətsiz qalmış Minsk qrupunun ləğvinə razılıq verməyə nail oldu. Bu, beynəlxalq münasibətlər tarixində mühüm presedentdir. Azərbaycan nümayiş etdirdi ki, beynəlxalq hüququn norma və prinsiplərinin uzun müddət pozulması, beynəlxalq təşkilatların qərarlarının icrasız qalması vəziyyətində belə, dövlət öz suveren hüquqlarını təmin etmək üçün lazımi siyasi və hərbi iradəyə malik ola bilər.

44 günlük müharibə Azərbaycanın tarixini necə dəyişdi?

- Bəs Azərbaycanın Vətən müharibəsindəki Zəfərinin geosiyasi nəticələri barədə nə deyə bilərsiniz? Bir çox ekspertlər hesab edirlər ki, 44 günlük müharibədən sonra Cənubi Qafqazda tamamilə yeni geosiyasi reallıq formalaşıb...

- Bu, tamamilə doğrudur. Qələbəmizin çox böyük geosiyasi nəticələri oldu. İlk növbədə, Cənubi Qafqazın geosiyasi xəritəsi və regionda on illər ərzində mövcud olmuş güc balansı dəyişdi. Bəzi dövlətlərin Ermənistan-Azərbaycan münaqişəsindən öz maraqları naminə istifadə etməsinə, bu münaqişəni bölgədəki təsir və dominantlıqlarını qorumaq üçün alətə çevirməsinə son qoyuldu. Digər mühüm nəticə Türk dünyasının coğrafi və siyasi inteqrasiyası ilə bağlıdır. Türk dünyasını coğrafi baxımdan birləşdirən, Avropa ilə Asiya arasında ən qısa kommunikasiya marşrutu olan Zəngəzur dəhlizi layihəsi yeni geosiyasi və iqtisadi məzmun qazandı. Mərkəzi Asiyanın türk dövlətlərinin xarici siyasətində özünəinam hissi artdı. Türk Dövlətləri Təşkilatının inteqrasiyası, güclənməsi prosesi sürətləndi və deyərdim ki, Türk dünyasının yeni intibah dövrü başladı. Azərbaycanın Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanla müttəfiqlik münasibətlərini təsbit edən sənədlər imzalaması Türk dünyasının siyasi coğrafiyasının yenidən formalaşmasına mühüm töhfə verdi. Qələbədən sonra Azərbaycan dünyanın iki aparıcı gücü – Çin və ABŞ ilə strateji münasibətlərini yeni səviyyəyə qaldırdı, Avropa, Asiya və Afrikada geosiyasi çəkisini əhəmiyyətli dərəcədə artırdı. Bütün bunlar və atılan digər addımlar ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqelərinin güclənməsinə, Azərbaycanın artıq “orta güc” dövlətlər kateqoriyasına daxil olmasını təmin etdi.

– Vətən müharibəsindəki Zəfərin mənəvi və tarixi əhəmiyyətini necə xarakterizə edərdiniz?

- Mənəvi və tarixi əhəmiyyəti ölçüyəgəlməzdir. Çünki bu qələbə ilə son 200 ildə Qarabağda müxtəlif formalarda təşəkkül tapmış separatçılığa birdəfəlik son qoyuldu. Xəstə “miatsum” ideologiyası və onu müdafiə edən qüvvələr ağır məğlubiyyətə uğradı. Şəhidlərimizin qisası döyüş meydanında alındı. Xalqımız məğlubiyyət sindromundan xilas oldu, zədələnmiş milli qürurunu və heysiyyətini bərpa etdi, qalib xalq kimi adını tarixə qızıl hərflərlə yazdırdı. Ən mühüm nəticələrdən biri də Azərbaycanda xalq-iqtidar birliyinin və siyasi həmrəyliyin görünməmiş səviyyəyə yüksəlməsi idi. Məhz bu birlik və həmrəylik qısa müddətdə qələbəmizin təmin olunmasında həlledici rol oynadı. Dövlətimiz bütün xarici təzyiq və təhdidlərə qarşı nə dərəcədə dayanıqlı olduğunu bütün dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyev eyni vaxtda həm hərbi, həm informasiya, həm də diplomatiya cəbhələrində son dərəcə ağır və mürəkkəb mübarizə apardı. Prezident İlham Əliyevin diplomatik məharəti, siyasi iradəsi və xalqın güclü dəstəyi sayəsində Azərbaycan hər üç cəbhədə qələbə qazandı. Ölkəmiz təkcə Ermənistanla deyil, dünya erməniliyinin və onun arxasında dayanan qüvvələrin yaratdığı çoxsaylı təzyiq və maneələri aşaraq onları da məğlub edə bildi. Açığını deyim ki, bundan sonra hər hansı bir dövlətin Azərbaycanın üzləşdiyi miqyasda təzyiqlərə tab gətirərək, eyni nəticəni əldə edə biləcəyinə inanmaq çətindir.

- Azay bəy, siz Zəfərin hüquqi əhəmiyyətini də xüsusi vurğuladınız. Uzun illərin parlament təcrübəsinə sahib və ATƏT Parlament Assambleyasında mühüm post tutan şəxs olaraq fikirləriniz maraqlıdır, tarixi qələbəmizin beynəlxalq hüquq və ədalət baxımından nəticələrini necə qiymətləndirmək olar?

Azay Quliyev ATƏT PA-nın deputatlarını işğaldan azad olunmuş ərazilərimizə  dəvət etdi - VİDEO | Modern.az

- Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə beynəlxalq hüququn və ədalətin təntənəsinə nail oldu. Uzun illər ərzində beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra edilməməsinə baxmayaraq, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etdi. Bu, beynəlxalq hüquq anlayışının hələ də yaşaması üçün ehtiyac duyduğu nəfəslik oldu. Bununla yanaşı, dövlətimiz xalqımıza qarşı müharibə cinayətləri və soyqırımı aktları törətmiş şəxslərin böyük bir hissəsinin məsuliyyətə cəlb edilməsini təmin etməklə ədalətin bərpası istiqamətində mühüm addım atdı. Uzun illər “Xocalıya ədalət!” çağırışlarına adekvat münasibət göstərməyən beynəlxalq məhkəmə institutlarının görməli olduqları işin bir hissəsini Azərbaycan öz suveren hüquqları çərçivəsində həyata keçirdi. Beləliklə, Azərbaycan Zəfər tarixini öz iradəsi, öz gücü və öz qəhrəmanlığı ilə yazdı.

– Ancaq qələbədən sonra yaranmış yeni reallıqlar heç də bütün problemlərin aradan qalxması demək deyil. Bu, bir reallıqdır ki, hələ də Azərbaycanın işğal və təcavüzə birdəfəlik son qoymasını sinirə bilməyən çevrələr, paytaxtlar var. Qarşıda Azərbaycanı hansı sınaqlar, çağırışlar gözləyir?

- Tamamilə haqlısınız. Zəfərimiz nə qədər möhtəşəm olsa da, bir cəmiyyət, dövlət və xalq olaraq daim irəliyə baxmalı, daha ayıq-sayıq olmalı, qarşımızda duran çağırışları düzgün qiymətləndirməliyik. Çünki bizi hələ çox ciddi sınaqlar gözləyir. Əvvəla, Ermənistanla hələ rəsmi sülh müqaviləsi imzalanmayıb və bunun nə vaxt baş verəcəyi də bəlli deyil. Ölkəmizə qarşı təzyiq və şantaj kampaniyası getdikcə daha da güclənir. Erməni lobbisi, revanşist qüvvələr və onların havadarları Azərbaycana zərbə vurmaq, məğlubiyyətin əvəzini çıxmaq üçün fürsət axtarırlar. AŞPA və Avropa Parlamenti kimi qurumların, ABŞ senatorları və konqresmenlərinin Azərbaycana münasibətdə nümayiş etdirdikləri qərəzi deməyə ehtiyac yoxdur. ABŞ-də keçirilən aralıq seçkilərdən sonra demokratların hər iki palatada üstünlük əldə etməsi ölkəmizə qarşı əsassız hücumları daha da çoxalda bilər. Bütün bunlara xaricdən ölkəmizə yönələn ideoloji təhlükələri, şimal və cənub sərhədlərimiz yaxınlığında davam edən müharibələri və regional gərginliyi də əlavə etsək, Azərbaycanın hansı mürəkkəb təhlükəsizlik mühiti ilə üz-üzə olduğunu görərik.

- Sizcə, belə bir mürəkkəb geosiyasi şəraitdə Azərbaycanın əsas güvənc yeri nə olmalıdır?

- Mən hesab edirəm ki, bu gün bizim üçün ən vacib məsələ Vətən müharibəsi dövründə nümayiş etdirdiyimiz milli birliyi və siyasi həmrəyliyi qoruyub saxlamaq və onu daha da möhkəmləndirməkdir. Unutmamalıyıq ki, uğurumuzun təməlində məhz xalq-iqtidar birliyi dayanır. Buna görə də ölkəmizə qarşı yönələn təzyiqlərin əsas məqsədlərindən biri bu birliyi sarsıtmaq, cəmiyyət daxilində parçalanma yaratmaq, milli həmrəyliyimizi zəiflətməkdir. Xüsusilə gənclərin düşüncəsinə və dünyagörüşünə təsir göstərmək, onları müxtəlif düşərgələrə bölmək, cəmiyyətdə ideoloji xətlər yaratmaq cəhdlərinə qarşı diqqətli olmalıyıq. Bizim bu təhlükələrə qarşı ən güclü mənəvi və ideoloji silahımız Azərbaycançılıq məfkurəsidir. Cəmiyyətin bütün təbəqələri, siyasi baxışlarından və dünyagörüşlərindən asılı olmayaraq, dövlətçilik, milli maraqlar, ərazi bütövlüyü və suverenlik kimi fundamental dəyərlər ətrafında daha sıx birləşməlidir. Bunu heç vaxt unutmamalıyıq: Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini, dünya erməniliyinin uzun illər ərzində formalaşdırdığı ərazi iddialarını iflasa uğratması və beynəlxalq münasibətlər sistemində “orta güc” statusuna yüksəlməsini həzm edə bilməyən, bu yeni reallıqla barışmaq istəməyən qüvvələr kifayət qədərdir. Ona görə də qələbəmizi qorumaq, əldə etdiyimiz tarixi nəticələri möhkəmləndirmək və gələcək nəsillərə ötürmək üçün milli birliyimizi daim gücləndirməliyik. Bu gün bizim üçün Zəfərin ən mühüm siyasi dərslərindən biri də məhz budur. Sonda 8 Noyabr Zəfər Günü münasibətilə ürək sözlərimi çatdırmaq istərdim. İlk növbədə Zəfərimizin əsas memarı və müəllifi olan Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev başda olmaqla, şanlı ordumuzu, şəhid ailələrini, qaziləri və bütövlükdə xalqımızı bu möhtəşəm bayram münasibətilə ürəkdən təbrik edirəm. Qəhrəman ordumuzun və bütövlükdə Silahlı Qüvvələrimizin bütün mənsublarına, şəhid ailələrinə, qazilərimizə dərin ehtiramımı və minnətdarlığımı bildirirəm. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə möhkəm cansağlığı arzulayıram.

Azay Quliyev: “Rəcəb Tayyib Ərdoğanla görüşdə Türkiyə demokratiyasının  qalib gəlməsini alqışladıq” | Kaspi.az

- Təşəkkür edirik və təbriklərə qatılırıq, Azay bəy! Yeri gəlmişkən, bir az öncə Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan çox vacib bir bəyanatla çıxış edib və bildirib ki, “8 noyabr Azərbaycanın Zəfər Günüdür. Mən də fövqəladə bir vəziyyət yaranmasa, noyabrın 8-də Azərbaycana səfər etməyi düşünürəm. İnşallah, bu səfər münasibətilə lazımi addımları atmaq imkanı əldə edərik”. İndiki zamanda Prezident Ərdoğanın Bakıya səfəri nəyi ifadə edir? Bunu necə şərh edərdiniz?

- Bu, həqiqətən də çox sevindirici xəbərdir. Son həftələr Türkiyə ilə Azərbaycan arasında yaşanan gərginlik fonunda, iki qardaş və dost ölkənin təbii müttəfiqliyinin və sarsılmaz qardaşlığının müəyyən mənada sınağa çəkildiyi bir məqamda cənab Rəcəb Tayyib Ərdoğanın Bakıya, özü də bizim müqəddəs Zəfər Günü münasibətilə səfər etmək niyyətini açıqlaması, məncə, son dərəcə müdrik və uzaqgörən siyasi qərar olardı. Əminəm ki, bu səfər baş tutarsa, iki qardaş ölkənin hörmətli prezidentləri – cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğan bizi narahat edən bütün məsələləri səmimi, açıq və qardaşcasına müzakirə edəcək, qarşılıqlı anlaşma və etimad əsasında həll yolları taparaq, əbədi Azərbaycan-Türkiyə qardaşlığında yeni bir səhifə açacaqlar. İnanıram ki, Azərbaycan-Türkiyə qardaşlığı və müttəfiqliyi bu sınaqdan daha da güclənərək çıxacaq və öz tarixi yoluna daha böyük inam və qətiyyətlə davam edəcək. Beləliklə, qardaşlığımıza xələl gətirmək, aramıza nifaq salmaq, strateji və ən vacibi isə təbii müttəfiqliyimizi zəiflətmək istəyənlərin bütün məkrli planları puça çıxacaq. Tarix qarşısında bu, bizim növbəti diplomatik zəfərimiz və ortaq qələbəmiz olacaq! Bizə yaraşan da məhz budur. Çünki ortaq tariximiz, milli maraqlarımız və gələcək nəsillər qarşısında daşıdığımız məsuliyyət bunu tələb edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az