Azərbaycan Dillər Universitetində “Elm və təhsilin inteqrasiyası davamlı inkişaf müstəvisində” mövzusunda dəyirmi masa təşkil olunub.
Manset.az xəbər verir ki, açılış nitqi ilə çıxış edən Elm və
innovasiya məsələləri üzrə prorektor, professor Həmidə Əliyeva mövzunun
aktuallığından danışıb.
Qeyd olunub ki, müasir dünyada elmin
və təhsilin inkişafı istiqamətində bir sıra layihələr həyata keçirilir. Bu
mənada son dövrlər Azərbaycan elmi və təhsili də yeni inkişaf mərhələsinə qədəm
qoyub.
ADU-nun rektoru, akademik Kamal
Abdulla dəyirmi masa iştirakçılarını salamlayıb, tədbirin əhəmiyyətindən söz
açıb. Bildirilib ki, alimlərin, mütəxəssislərin və tədqiqatçıların üzərinə
böyük məsuliyyət düşür. Azərbaycan dilinin saflığının qorunub və
inkişafına töhfə vermək üçün bütün elmi bacarıqlardan və təcrübədən istifadə
etmək lazımdır:
“Bəzən elə məqamlar olur ki, həmin
məqamlar bütövlükdə dilimizin korlanmasına gətirib çıxarır. Bu məqamlar Cənab
Prezidentin diqqətindən kənarda qalmayıb və bu məqamlarla mübarizə aparmaq hər
bir cəmiyyətin və dil daşıyıcılarının borcudur. Cənab Prezidentin vurğuladığı
kimi biz dilimizi yad ünsürlərdən təmizlənmiş formada görmək istəyirik. Bu yad
ünsürlərin dilimizə daxil olması onun solğunlaşması, dilimizin solğunlaşması
millətin solğunlaşması, millətin solğunlaşması dövlətin solğunlaşması deməkdir.
Bu proses zəncirvari xarakter daşıyır.
Dilimizdə bu məqamlarla mübarizənin ən təsirli üsulu bədii ədəbiyyatla dostluq
etməyi bacarmaqdır. Nə qədər çox bədii ədəbiyyat nümunələri oxunsa, bir o qədər
də dilimiz varvar sözlərdən azad olacaqdır.
Bu gün dünyanın müxtəlif ölkələrində
əlli milyondan çox soydaşımız yaşayır. Onlar üçün dil mayakı olmalıdır.
Zəngin, təmiz, ləyaqətli şəkildə fəaliyyət göstərən bir mərkəz olmalıdır.
Dilimizin saflığının qorunması özünü
bütün sahələrdə göstərməlidir. İstər ədəbiyyatda, istər mətbuatda, istər
tərcümə sahəsində, istərsə də cəmiyyətin müxtəlif sahələrində dilimizin saflığı
və təmizliyi məsələsinə xüsusi diqqət və önəm verilməlidir”.
Mübariz İbrahimov adına Biləsuvar
Təhsil Kompleksin icraçı direktoru Aqşin Bağırov çıxış edib. Qeyd olunub ki,
ADU ilə əməkdaşlıq çərçivəsində yeni layihələr həyata keçirilir.
Azərbaycan Dillər Universitetinin
(ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun filialı Mübariz
İbrahimov adına Biləsuvar Təhsil Kompleksində yaradılacaq.
Filialın yaradılmasının bölgədə
təhsilin keyfiyyətinin yüksəldilməsinə, şagird və gənclərin Çin dili və
mədəniyyətinə marağının artırılmasına, eləcə də beynəlxalq təhsil əlaqələrinin
inkişafına mühüm töhfə verəcəyi vurğulanıb. Filialın fəaliyyəti çərçivəsində
Çin dilinin tədrisi, mədəniyyət proqramları, müəllim və şagird mübadiləsi,
müxtəlif elmi-mədəni tədbirlərin təşkili nəzərdə tutulur.
Daha sonra Elm şöbəsinin müdiri Sevda
İmanova “Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi
müsahibədə elm və təhsil sahəsində səsləndirdiyi çağırışlar, tövsiyələri”, Elm
şöbəsinin mütəxəssisi, Özbəkistan Dünya Dilləri Universitetinin doktorantı
Amalya Məhərrəmzadə “Dil xalqın tarixi, milli kimliyin təyinatıdır”, doktorant
Vüqar Səmədov “Sülh prosesi, enerji marşurutları və beynəlxalq nüfuz:
Azərbaycanın son illərdə diplomatik xətti”,
doktorant Könül Həsənzadə “Elm və
təhsil inteqrasiyası davamlı inkişaf müstəvisində : milli dil, insan kapitalı
və akademik məsuliyyət”, magistr İradə Rəhmətova “Milli dilin inkişafında
dövlət strategiyası” mövzularında çıxış ediblər.