ABŞ prezidenti Donald Tramp İranla bağlı bir-birinin ardınca səsləndirdiyi qalmaqallı bəyanatlarla diqqət çəkib.
Manset.az xəbər verir ki, Tramp Vaşinqtonun Tehran üzərində təsiri, davam edən danışıqlar və bölgədəki vəziyyətlə bağlı iddialı açıqlamalar verib.
Onun sözlərinə görə, İran ABŞ-yə Hörmüz boğazı ilə bağlı “çox böyük dəyərə malik hədiyyə” təqdim edib və bu məsələ artıq həllini tapıb.
Tramp bildirib ki, ABŞ İranla qarşıdurmada bütün məqsədlərinə nail olub: “Biz İranda bütün məqsədlərimizə çatdıq. İran nüvə silahı əldə etməyəcəyinə dair təminat verib”.
ABŞ prezidenti daha da irəli gedərək Vaşinqtonun Tehran üzərində təsir imkanlarının geniş olduğunu vurğulayıb: “Biz İranda nə istəsək idarə edəcəyik. İran bizə inanılmaz dəyərdə bir hədiyyə verib”.
O, həmçinin qeyd edib ki, hazırda İranla danışıqlar davam edir və Tehran razılaşmaya sadiq görünür. Trampın sözlərinə görə, ABŞ tərəfindən bu prosesdə vitse-prezident Cey Di Vens, senator Marko Rubio və xüsusi nümayəndə Stiv Vitkoff iştirak edir.
Tramp əlavə edib ki, İranda yeni lider qrupunun formalaşdığı müşahidə olunur və bu, faktiki olaraq rejim dəyişikliyi kimi qiymətləndirilə bilər.