Tanınmış influenser Fidan Zeyn “Beautytime” salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva tərəfindən dələduzluğa məruz qaldığını iddia edib.
Manset.az Olay.az-a istinadən yazır ki, bu barədə bloger sosial media hesabında Baş Prokurorluq və Daxili İşlər Nazirliyinə müraciət ünvanlayıb:
“Beautytime” salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva tərəfindən mən və Azerina etibarımızdan sui istifadə edilərək aldadılmışıq, nəticədə çox böyük maddi və mənəvi zərər görmüşük. 2 aydır ki, Xətai Polis İdarəsi tərəfindən araşdırılma aparılmasına baxmayaraq ciddi tədbir görülməyib, mənə vurulmuş ziyan hələ də ödənilməyib. İş üzrə obyektiv araşdırmanın aparılmasını xahiş edirik. Haqq-ədalət artıq öz yerini tapsın”.
Bloqer açıqlamasında bildirib ki, K.Həmzəyeva ilə ortaq biznes qurub:
“Könül Həmzəyeva ilə ortaq biznes qurmuşduq. Bu işə inanaraq həyətyanı sahəmi və avtomobilimi satdım, əldə etdiyim vəsaiti biznesə yatırdım. Amma sonda onun tərəfindən aldadıldım. 150 min manat vəsaitim mənimsənilib”.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov bildirib ki, Xətai RPİ-də istintaq araşdırmaları aparılır:
“Araşdırmalarla əmələ hüquqi qiymət veriləcəkdir”.