Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə anım tədbiri keçirilib.
Manset.az xəbər verir ki, tədbirdə Akademiyanın rəhbərliyi, əməkdaşları, tələbələri, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, faciənin şahidi, Xocalı hadisələrinin ictimaiyyətə çatdırılmasında böyük rolu olan jurnalist Şamil Sabiroğlu, birliyin üzvü Aynurə Rüstəmova, Azərbaycan Yazıçılar Birliyinin üzvü, 44gunsavash.az saytının baş redaktoru, yazıçı-publisist Mövsümağa Abasov, faciənin canlı şahidləri, Xocalı sakinləri - Xocalı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı, müharibə veteranı Xəlil Vəliyev, Xocalı döyüşündə iştirak etmiş Surxay Quliyev, könüllü olaraq Xocalının müdafiəsinə qatılmış və əsirliyin dəhşətlərini yaşamış Hüseynağa Quliyev iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Xocalı soyqırımı qurbanlarının və respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov çıxış edərək Xocalı soyqırımının Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri olduğunu bildirib, soyqırımı aktının yalnız xalqımıza deyil, bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu vurğulayıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı qələbədən sonra soyqırımı qurbanlarının qisasının alındığı, Xocalıda Azərbaycan bayrağının ucaldıldığı qeyd olunub.
Daha sonra qonaqlar çıxış edərək həmin gecə dinc sakinlərə qarşı törədilən misli görünməmiş vəhşiliklərdən, soyqırımı zamanı şahidi olduqları hadisələrdən, əsirlikdə verilən dəhşətli işgəncələrdən danışıblar.
Tədbirdə Xocalı hadisələrindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbir Akademiyanın tələbələrinin ifasında ədəbi kompozisiya ilə davam edib.