“Qadınların ictimai həyatda, parlamentdə, yerli özünüidarəetmədə rolu artır ” - Kamaləddin Qafarov

11:40 - 08 Mart 2026

“Qadınların ictimai həyatda, parlamentdə, yerli özünüidarəetmədə rolu artır ” - Kamaləddin Qafarov

“8 Mart – Beynəlxalq Qadınlar Günü Azərbaycan cəmiyyətində sadəcə təqvim bayramı deyil. Bu bayram həm də tarixi yaddaşın, dövlətçilik ənənələrinin və müasir inkişaf strategiyasının mühüm tərkib hissəsidir.”


Bu sözləri 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə əlaqədar mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O, bildirib ki, Azərbaycan qadınının tarixən keçdiyi yol xalqımızın tarixinin özü qədər şərəfli və zəngindir. “Hələ ən qədim dastanlarımızdan olan “Kitabi Dədə Qorqud” səhifələrində qadın obrazlarının cəsarəti, müdrikliyi və sədaqəti xüsusi yer tutur. Tarixin müxtəlif mərhələlərində Möminə Xatun, Sara Xatun, Tomris kimi lider qadınların fəaliyyəti göstərir ki, Azərbaycan qadını yalnız ailənin deyil, həm də dövlətin dayağı olub. XX əsrin əvvəllərində isə Azərbaycan qadını Şərq dünyasında ilk dəfə siyasi hüquqlar əldə edərək seçmək və seçilmək imkanı qazandı. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti qadınlara seçki hüququ verməklə regionda mühüm demokratik ənənənin əsasını qoydu. Bu addım qadının cəmiyyət həyatında rolunun rəsmi şəkildə tanınması idi və sonrakı inkişafın təməlini formalaşdırdı.”

Fikirlərini davam etdirən millət vəkili artıq müstəqillik dövründə qadın siyasətinin dövlət quruculuğu strategiyasının ayrılmaz istiqamətinə çevrildiyini qeyd edib: “Bu xəttin ideoloji əsasları Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirildi. Ulu Öndərin rəhbərliyi ilə qadınların dövlət idarəçiliyində, elm və mədəniyyətdə təmsilçiliyi genişləndi, onların təşəbbüslərinə dəstək verildi. Qadına hörmət milli-mənəvi dəyər kimi dövlət siyasətinin prioritetinə çevrildi. Bu gün həmin siyasi kurs Prezident İlham Əliyev tərəfindən yeni meyarlarla zənginləşdirilərək davam etdirilir. Gender bərabərliyinin təminatı, qadın hüquqlarının qorunması, onların sosial-iqtisadi fəallığının artırılması istiqamətində qəbul olunan qanunlar və proqramlar müasir Azərbaycanın inkişaf modelinin mühüm komponentidir. Qadınların idarəçilikdə, parlamentdə, yerli özünüidarəetmədə artan rolu bu siyasətin real nəticəsidir. Bu kontekstdə ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusi qeyd olunmalıdır. Onun təşəbbüsləri Azərbaycan qadınının humanizm, mərhəmət və intellektual potensialını beynəlxalq miqyasda nümayiş etdirir. Humanitar layihələr, mədəni irsin qorunması və sosial proqramlar vasitəsilə həyata keçirilən genişmiqyaslı fəaliyyət qadının cəmiyyətdə yalnız iştirakçı deyil, həm də təşəbbüskar qüvvə olduğunu təsdiqləyir. Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadını həm milli dəyərlərə sadiq, həm də qlobal çağırışlara açıq obrazda təqdim olunur. Beləliklə, Azərbaycan qadınının tarixi irsi ilə müasir dövlət siyasəti arasında möhkəm bir körpü formalaşıb. Keçmişin qəhrəmanlıq salnaməsi bu gün hüquqi təminat, siyasi iradə və institusional mexanizmlərlə tamamlanır”.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az