Azərbaycanın zəngin memarlıq ənənələri və şəhərsalma mədəniyyəti xalqımızın tarixi-mədəni irsinin ayrılmaz tərkib hissəsidir. Əsrlər boyu formalaşmış bu ənənələr ölkənin müxtəlif bölgələrində ucaldılmış memarlıq abidələrində, şəhərlərin plan quruluşunda və yaşayış məkanlarının estetik simasında öz əksini tapıb. Müstəqillik illərində isə Azərbaycanın memarlıq və şəhərsalma siyasəti dövlətin inkişaf strategiyasının mühüm istiqamətlərindən birinə çevrilib, bu sahədə həyata keçirilən ardıcıl tədbirlər ölkənin urbanistik simasının müasir tələblərə uyğun şəkildə yenilənməsinə geniş imkanlar yaradıb.
Manset.az xəbər verir ki, müasir Azərbaycanın qurucusu və memarı, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik kursu bütün sahələrdə olduğu kimi, memarlıq və şəhərsalma siyasətinin formalaşmasında da mühüm rol oynayıb. Onun rəhbərliyi dövründə şəhərlərin memarlıq simasının qorunması, tarixi-mədəni irsin mühafizəsi və yeni şəhərsalma yanaşmalarının tətbiqi istiqamətində mühüm qərarlar qəbul edilib.
Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu sahədə aparılan genişmiqyaslı islahatlar çərçivəsində 2006-cı ildə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yaradılması Azərbaycanın şəhərsalma və memarlıq sahəsinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsini təmin edib. Ötən müddət ərzipaytaxt Bakının müasir memarlıq nümunələri ilə zənginləşməsi, regionlarda aparılan tikinti-quruculuq işləri, yeni şəhər və qəsəbələrin salınması ölkənin şəhərsalma siyasətinin uğurlu nəticələrinin bariz göstəricisidir.
Son illərdə xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma layihələri Azərbaycanın müasir şəhərsalma konsepsiyasının ən parlaq nümunələrindən biri kimi diqqət çəkir. Bu ərazilərdə tətbiq olunan “ağıllı” şəhər və kənd konsepsiyaları innovativ urbanistik yanaşmaların tətbiqinə əsaslanır və gələcəyin yaşayış məkanlarının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Komitənin fəaliyyət istiqamətlərindən biri də memarlıq sahəsində yaradıcı təşəbbüslərin dəstəklənməsi və peşəkar mühitin inkişaf etdirilməsi ilə bağlıdır. Bu məqsədlə müxtəlif müsabiqələr və memarlıq platformaları təşkil olunur, memarların yaradıcılıq potensialının üzə çıxarılması və yeni ideyaların təşviqi istiqamətində mühüm addımlar atılır.
Bu təşəbbüslər sırasında xüsusi yer tutan layihələrdən biri də “Təməl” Memarlıq Mükafatıdır. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə 2023-cü ildə təsis olunan bu mükafat memarlıq sahəsində yaradıcı təşəbbüslərin dəstəklənməsi, innovativ layihələrin qiymətləndirilməsi və peşəkar mühitdə sağlam rəqabətin formalaşdırılması məqsədi daşıyır. Artıq üç ildir həyata keçirilən bu mükafatlandırma memarlıq ictimaiyyətini bir araya gətirən nüfuzlu peşəkar platformaya çevrilib.
“Təməl” memarlıq müsabiqəsi qısa müddətdə ölkənin memarlıq mühitində geniş maraq doğurub. Təsis olunduğu vaxtdan etibarən müsabiqəyə mindən çox memarlıq layihəsi təqdim olunub. Bu layihələr arasında yaşayış komplekslərinin memarlığı, ictimai və inzibati binalar, şəhərsalma konsepsiyaları, mədəni və dini obyektlər, bərpa və rekonstruksiya layihələri, eləcə də ictimai məkanların və landşaft memarlığının planlaşdırılması kimi müxtəlif istiqamətlər yer alır.
Son üç il ərzində keçirilmiş müsabiqələr çərçivəsində peşəkar münsiflər heyəti tərəfindən qiymətləndirilən yüzlərlə layihə arasından 40-a yaxın iş qalib elan olunub. Həmçinin bir neçə gənc memar xüsusi mükafatla təltif edilib. Müxtəlif nominasiyalar üzrə seçilən layihələrin müəllifləri arasında həm yerli memarlar, həm də beynəlxalq memarlıq şirkətlərinin nümayəndələri yer alıb ki, bu da Azərbaycanın memarlıq mühitinin beynəlxalq əməkdaşlığa açıq olduğunu göstərir.
Xüsusi olaraq qeyd edilməlidir ki, qalib layihələr sırasında işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və şəhərsalma layihələri də yer alıb. Konkret olaraq builki mükafatlandırma çərçivəsində Qarabağ və Şərqi Zəngəzur regionu üzrə 9 layihə müsabiqədə qalib elan olunub. Bu layihələr arasında yaşayış binalarının və ictimai obyektlərin yenidən qurulması, tarixi-mədəni abidələrin bərpası, həmçinin innovativ şəhərsalma konsepsiyalarının tətbiqi yüksək qiymətləndirilib. Bu da onu göstərir ki, “Təməl” mükafatı yalnız yaradıcı təşəbbüsləri təşviq etməklə kifayətlənmir, həm də ölkənin bərpa prosesinə və regionların yenidən qurulmasına mühüm töhfələr verir.
Eyni zamanda, müsabiqə çərçivəsində hər il daha çox layihə arasından seçim edilməsi, o cümlədən tədbirin daha geniş izləyici auditoriyasını əhatə etməsi onun peşəkar memarlıq mühitinin formalaşmasında rolunu açıq-aydın nümayiş etdirir.
Beləliklə, “Təməl” Memarlıq Mükafatı ölkəmizdə memarlıq sənətinin inkişafına xidmət edən, yaradıcı ideyaları dəstəkləyən və peşəkar mühitdə əməkdaşlığı gücləndirən mühüm platforma olaraq öz əhəmiyyətini qoruyur və Azərbaycanın şəhərsalma siyasətinə töhfəsini davam etdirir.