Qırmızı
Ürəklər Fondu 2021-ci ildən etibarən I və II Qarabağ müharibəsi zamanı şəhid
olan qəhrəman oğullarımızın əziz xatirəsini əbədiləşdirmək məqsədi ilə ölkənin
bir sıra şəhər və rayonlarında ağacəkmə aksiyaları həyata keçirir. Layihə
çərçivəsində rayon və şəhər üzrə şəhidlik zirvəsinə ucalan qəhrəmanların
xatirəsinə eyni sayda ağaclar əkilir. Layihə, həmçinin Azərbaycanın ekoloji
mühitinə töhfə vermək məqsədi daşıyır.
Bu dəfəki
ağacəkmə aksiyası “PAŞA Holding”in dəstəyi ilə Göygöl şəhərində həyata
keçirilib. Göygöl Rayon İcra Hakimiyyəti tərəfindən aksiya üçün ayrılan
xüsusi ərazidə şəhidlərin xatirəsinə 175 ədəd həmişəyaşıl
ağac əkilib. “Qəhrəmanlar bağı” aksiyasında şəhid ailələri, qazilər, rayon
və şəhər ictimaiyyətinin nümayəndələri, həmçinin Kapital Bank-ın Göygöl
filialının və Qırmızı Ürəklər Fondunun əməkdaşları iştirak ediblər. Aksiya
Göygöl Rayon İcra Hakimiyyətinin dəstəyi ilə baş tutub.
Bununla da
ölkə ərazisində “Qəhrəmanlar bağı”nın sayı 30-a çatıb. Əkilən ağaclara qulluq
olunması, suvarlanması və digər lazımi tədbirləri isə yerli İcra Hakimiyyəti
orqanları tərəfindən həyata keçirir.
Qeyd edək
ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup
əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlayıb. Həmin ildə dövlət
qeydiyyatına alınan fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına
xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil,
təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair
sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər
insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. “Qırmızı Ürəklər
Fondu”nun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən
mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına
daxil ola bilərsiniz.