Milli Onkologiya Mərkəzi xəstəxanada törədilmiş partlayış nəticəsində həkimin həlak olması ilə bağlı başsağlığı paylaşımı edib.
Manset.az xəbər verir ki, paylaşımda deyilir:
“Mərkəzin kollektivi dərin hüznlə bildirir ki, Mərkəzin dəyərli həkimlərindən biri, şüa terapiya sahəsində uzun illər səmərəli fəaliyyət göstərmiş Asif Akif oğlu Nəsirli məruz qaldığı silahlı basqın nəticəsində aldığı yaralardan 2026-cı il mayın 5-də vəfat edib.
Asif Nəsirli 2008-ci ildən Milli Onkologiya Mərkəzinin Şüa terapiyası şöbəsində çalışırdı. Fəaliyyətinin istiqaməti uşaqlarda və böyüklərdə rast gəlinən bədxassəli şişlərin şüa terapiyası olmuşdu.
Asif Nəsirli Milli Onkologiya Mərkəzində işlədiyi müddət ərzində öz peşə borcunu ləyaqətlə yerinə yetirib, xüsusilə uşaq onkologiyası sahəsində yüzlərlə xəstənin sağlamlığı uğrunda yorulmadan mübarizə aparıb. O, yüksək peşəkarlığı, insanpərvərliyi, xəstələrə, xüsusilə azyaşlı pasiyentlərə həssas və qayğıkeş münasibəti ilə həmkarları və pasiyentləri arasında dərin hörmət qazanıb.
Milli Onkologiya Mərkəzinin baş direktoru akademik Cəmil Əliyev mərhumun həyat yoldaşına, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara səbir diləyir. Asif Nəsirlinin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq”.