Fikrət Məmmədov ATƏT-də çıxış etdi – Rəqəmsal təhlükəsizlik çağırışları gündəmə gətirildi

12:38 - 13 May 2026

Fikrət Məmmədov ATƏT-də çıxış etdi – Rəqəmsal təhlükəsizlik çağırışları gündəmə gətirildi

Avstriyanın paytaxtı Vyanada ATƏT tərəfindən “Media azadlığı və rəqəmsal təhlükəsizlik” mövzusuna həsr olunmuş beynəlxalq tədbir keçirilib.


Manset.az xəbər verir ki, tədbirdə iştirak edən “Bakues.az” informasiya portalının rəhbəri Fikrət Məmmədov çıxışı zamanı rəqəmsal dövrdə media azadlığının qarşılaşdığı yeni təhlükələrdən danışıb. Onun sözlərinə görə, sosial media platformalarında son illər müstəqil media resurslarına qarşı koordinasiyalı hücumlar, saxta şikayətlər və avtomatik bloklama halları ciddi şəkildə artıb:

“Bu gün təhlükə yalnız yalan xəbərlərdən ibarət deyil. Süni intellekt texnologiyaları vasitəsilə tanınmış şəxslər, ictimai xadimlər, dövlət nümayəndələri və jurnalistlər haqqında saxta video və fotolar hazırlanır, manipulyativ materiallar yayılır”.

F. Məmmədov onu da bildirib ki, süni intellekt texnologiyalarının sürətli inkişafı informasiya təhlükəsizliyi sahəsində yeni risklər formalaşdırır.:

"Artıq saxta görüntülər və manipulyativ videolar vasitəsilə cəmiyyətin fikrinə təsir göstərmək, insanların nüfuzuna zərbə vurmaq və ictimai rəyi yanlış istiqamətləndirmək daha da asanlaşıb”, - deyə baş redaktor əlavə edib.

O, həmçinin vurğulayıb ki, bir çox hallarda sosial platformalarda qərarlar avtomatik sistemlər tərəfindən verilir və bu da rəsmi media qurumlarının səhifələrinin əsassız şəkildə bloklanmasına səbəb olur:

“Bir sıra saxta hesablar və koordinasiyalı şikayət kampaniyaları vasitəsilə media resurslarının susdurulması artıq ciddi problemə çevrilib. Sosial platformalar bu məsələdə daha şəffaf və məsuliyyətli yanaşma ortaya qoymalıdır”.

ATƏT tribunasından çıxış edən Fikrət Məmmədov beynəlxalq media ictimaiyyətinə və tədbir iştirakçılarına xüsusi müraciət də ünvanlayıb. Müraciətdə sosial media platformalarının rəhbərliyi ilə beynəlxalq media qurumları arasında rəsmi dialoq mexanizminin yaradılması təklif olunub:

"“Meta Platforms” və digər sosial platformaların rəhbərliyinə beynəlxalq media ictimaiyyəti adından rəsmi müraciət hazırlanmalıdır. Rəsmi media qurumlarının sosial şəbəkə səhifələrinin əsassız bağlanmasının qarşısı alınmalıdır. Rəqəmsal dövrdə media azadlığının qorunması artıq bütün beynəlxalq ictimaiyyətin ortaq məsuliyyətinə çevrilib”.

Tədbirdə müxtəlif ölkələrdən jurnalistlər, media rəhbərləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az