"Malayziyaya qayıtdıqdan sonra planların nəticələrini və qəbul olunmuş qərarları necə tətbiq edəcəyimizi müzakirə edəcəyik".
Manset.az xəbər verir ki, bu fikirləri WUF13 çərçivəsində jurnalistlərə açıqlamasında BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) sabiq icraçı direktoru Maymuna Mohd Şərif deyib.
O, liderlərin bir çox məsələlərdə öncül rol oynayacağına ümid etdiyini bildirib:
"Liderlər iqlim dəyişiklikləri ilə bağlı əlaqələrin qurulması və həll yollarının hazırlanması istiqamətində çalışmalıdırlar. İqtisadiyyat, ərzaq təhlükəsizliyi, yaşayış imkanları və insanların rifahı kimi məsələlər də burada mühüm rol oynayır. Şəhərlər haqqında danışarkən unutmamalıyıq ki, şəhərlər olduqca mürəkkəb strukturlardır. Şəhərlərdən danışanda artıq iqlim dəyişiklikləri, dayanıqlılıq və şəhərlərin gələcəyi məsələlərindən yan keçmək mümkün deyil".
Qonaq vurğulayıb ki, COP29-da qəbul olunan qərarlar və əldə edilən nəticələrin şəhərlərdə necə tətbiq olunacağı əsas məsələlərdən biridir:
"Dünya Şəhərsalma Forumu urbanizasiya, şəhər genişlənməsi və şəhərlərin inkişafı ilə bağlıdır. Bu qərarların nə qədərinin yalnız Bakıda deyil, bütün dünyada tətbiq olunduğuna baxmaq lazımdır. COP29 çərçivəsində maliyyələşdirmə, imkanların yaradılması və digər istiqamətlər üzrə çoxlu qərarlar qəbul olunub".