AZAL-ın rəhbərindən bilet qiymətləri ilə bağlı AÇIQLAMA

00:34 - 24 May 2026

AZAL-ın rəhbərindən bilet qiymətləri ilə bağlı AÇIQLAMA

"Biz sözsüz ki, daim sərnişinlərimizin narahatlığını tam şəkildə anlayırıq və çalışırıq ki, bu mövzuda dəstək olaq. Mövzu bizim diqqətimizdən yayınmır. Amma hesab edirəm ki, AZAL-ı aşağı büdcəli aviaşirkətlərlə müqayisə etmək doğru yanaşma deyil. Çünki AZAL bir şirkət olaraq özünü aşağı büdcəli aviaşirkət kimi mövqeləndirmir".


Manset.az xəbər verir ki, bunu “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) İdarə Heyətinin sədri Samir Rzayev APA İnformasiya Agentliyi və Azərbaycan Dövlət Televiziyasına (AZTV) müsahibəsində aviabiletlərin qiymətlərilə bağlı suala cavab verərkən deyib.

    Samir Rzayev bildirib ki, qiymət formalaşması isə beynəlxalq aviasiya standartlarına uyğun şəkildə həyata keçirilir və AZAL da bu istiqamətdə aparıcı beynəlxalq aviaşirkətlərin tətbiq etdiyi yanaşma və prinsiplərə əsaslanaraq fəaliyyət göstərir:

    "Aviabiletlərin qiymətlərinin formalaşmasına bir neçə əsas amil təsir göstərir. Bunlara ilk növbədə reys üzrə sərnişin sayı, uçuş tarixinə qalan müddət və bazardakı mövcud tələb-təklif dinamikası daxildir. Bütün bu faktorlar beynəlxalq aviasiya praktikasına uyğun şəkildə təhlil olunur və qiymətlər məhz bu parametrlər əsasında formalaşdırılır. Sərnişin üçün ən vacib məsələ şəffaf və əlçatan qiymətdir. Buna görə, erkən rezarvasiya imkanlarını, kampaniyaları, hissə-hissə ödəniş həlləri və sərnişin üçün daha rahat seçimləri genişləndiririk. Biz sərnişinlərə alternativ seçimlər də təqdim edirik. Heydər Əliyev Benəlxalq Aeroportunda digər 40 aviaşirkət müxtəlif istiqamətlərə uçuşlar həyata keçirir və bunların 15-i aşağı büdcəli aviaşirkətlərdir. Statistikaya baxsaq, 2025-ci ildə 1,7 milyon sərnişin aeroportumuzda fəaliyyət göstərən aşağı büdcəli aviaşirkətlərlə səyahət edib. Ümumilikdə isə, bütün aviaşirkətlərin xidmət göstərdiyi sərnişin sayı ötən ildə 3,5 milyonun üzərində olub. Heydər Əliyev Hava Limanında AZAL-ın üzərinə düşən sərnişin payı 49% təşkil edir. Bunun 51%-ni xarici aviaşirkətlər təşkil edir".

    AZAL rəhbəri həmçinin qeyd edib ki, burada əsas məqsəd Azərbaycanda turizmin inkişafına töhfə verməkdir: "Bu gün Heydər Əliyev Hava Limanı kimi biz digər aviaşirkətlərə, onların sorğularına tam şəkildə açığıq, onlara lazım olan güzəştləri verməyə hazırıq. Əsas məqsədimiz Azərbaycanda sərnişindaşımanın, Azərbaycana gələn turistlərin sayını artırmaqdır".


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az