Son günlər KİV-də yayımlanan “Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin tətbiq edilməsinə 2026-cı il sentyabrın 1-dən başlanılacaq” xəbəri ictimaiyyətdə müxtəlif suallar yaradıb.
Manset.az xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidməti açıqlama yayıb.
Bildirilib ki, xüsusi məqsədlər üçün istifadə dedikdə sahibkarlıq fəaliyyəti çərçivəsində suyun götürülməsi, tullantı sularının su obyektlərinə axıdılması və ya su akvatoriyasından istifadə nəzərdə tutulur. Bu fəaliyyətlər hidrotexniki qurğular, nasoslar, artezian və subartezian quyuları, kanallar, borular, kəhrizlər və digər xüsusi texniki vasitələrlə həyata keçirilir.
Qurum vurğulayıb ki, icazə və ödəniş tələbi yalnız hüquqi şəxslərə və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə aiddir.
Vətəndaşlar isə şəxsi ehtiyacları üçün su obyektlərindən ödənişsiz istifadə edə bilərlər. Buraya çimərlikdən istifadə, qayıqla gəzinti, idman, həvəskar balıq ovu, mal-qaranın suvarılması və digər şəxsi məqsədlər daxildir.
Bundan başqa, mərkəzləşdirilmiş su təchizatı olmayan ərazilərdə torpaq sahibləri öz ehtiyaclarını ödəmək üçün torpaq sahəsində birinci təzyiqsiz sulu horizontdan quyu qazaraq istifadə edə bilərlər.
ADSEA bildirib ki, vətəndaş həyətində qazdığı quyudan içməli və ya suvarma məqsədilə istifadə edirsə, yaxud çay və digər su obyektlərindən şəxsi təsərrüfatı üçün su götürürsə, bunun üçün nə icazə almasına, nə də hər hansı ödəniş etməsinə ehtiyac var.
Açıqlamada tullantı sularının axıdılması ilə bağlı qaydalara da aydınlıq gətirilib. Qeyd olunub ki, sahibkarlar yalnız normativlərə uyğun təmizlənmiş tullantı sularını su obyektlərinə axıda bilərlər. Bunun üçün isə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən müvafiq icazə alınmalıdır.
Həmçinin bildirilib ki, Xəzər dənizində kiçik həcmli gəmilər üçün su akvatoriyasından istifadə edənlər, çaylarda qəfəs balıqçılığı ilə məşğul olanlar, eləcə də artezian və subartezian quyularından istehsalat və ya qablaşdırma məqsədilə istifadə edən sahibkarlar da xüsusi məqsədlər üçün istifadə icazəsi almalıdırlar.
Qurumun məlumatına görə, su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə görə ödənişlərin tətbiqinə 2026-cı il sentyabrın 1-dən başlanılacaq. Ödəniş məbləğləri isə fəaliyyət növü və istifadə olunan su mənbəyindən asılı olaraq müəyyən ediləcək.