Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
(AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasında “Məzun günü” keçirilib.
Manset.az xəbər verir ki, tədbirdə bakalavriat və magistratura səviyyələri
üzrə təhsillərini başa vuran məzunlar, AHİK-in və üzv təşkilatların rəhbər şəxsləri,
Akademiyanın professor-müəllim heyəti və valideynlər iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib,
Ulu Öndər Heydər Əliyevin, həmçinin Vətənimizin ərazi bütövlüyü və suverenliyi
uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla
yad olunub.
Tədbirdə çıxış edən AHİK sədrinin müavini Musa Mirzəyev
məzunları təbrik edib. Vurğulanıb ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyev
tərəfindən əsası qoyulan gənclər və təhsil siyasəti Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkədə insan
kapitalının inkişafı daim diqqət mərkəzində saxlanılır.
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü
ilə elm və təhsil sahəsində həyata keçirilən sosial və innovativ layihələr gənclərin
fərdi və peşəkar inkişafına mühüm töhfələr verir.
Qeyd olunub ki, Azərbaycan Əmək və Sosial Münasibətlər
Akademiyası müasir əmək bazarının tələblərinə uyğun, rəqabətqabiliyyətli və
sosial məsuliyyətli mütəxəssislərin hazırlanmasında önəmli rol oynayır. Məzunlar
təhsil müddətində əldə etdikləri bilik və bacarıqlardan səmərəli istifadə etməli,
ölkənin inkişafına töhfə verməli, daim öz üzərilərində çalışmalıdırlar.
Akademiyanın rektoru vəzifəsini icra edən Fərid
Babayev və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin
müavini Mirzə Cəfərzadə ali təhsil müəssisəsinin son illər əldə etdiyi nailiyyətlərdən,
beynəlxalq əlaqələrinin genişlənməsindən, tədrisin keyfiyyətinin yüksəldilməsi
və innovativ yanaşmaların tətbiqi istiqamətində görülən işlərdən bəhs ediblər.
Çıxışlarda cəmiyyətin tərəqqisində təhsilin rolu vurğulanıb və məzunlara ölkəmizin
sosial-iqtisadi yüksəlişində fəal iştirak etmələri tövsiyə olunub.
Valideyn Nuru Rzalı çıxış edərək məzunları təbrik
edib, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında yaradılan tədris
mühitini yüksək qiymətləndirərək müəllimlərə təşəkkürünü bildirib, gənclərə gələcək
fəaliyyətlərində uğurlar arzulayıb.
Məzunlar adından çıxış edən Aysel Həsənova, Lamiyə
Ağayeva və Şəhanə Quliyeva tələbəlik illəri ilə bağlı xoş xatirələrini bölüşüb,
onlara bilik və bacarıq qazandıran müəllimlərə və valideynlərinə minnətdarlıqlarını
ifadə ediblər.
Sonra təhsildə və Akademiyanın ictimai həyatında fərqlənən
məzunlara təşəkkürnamələr təqdim olunub.
Tədbir bədii hissə ilə davam edib. Məzunlar musiqi
sədaları altında bir-birlərini təbrik edib, xatirə şəkilləri çəkdiriblər.