İyunun 27-də Şağan Mədəniyyət Mərkəzində Azərbaycan Dillər Universitetinin rektoru Xalq yazıçısı, akademik Kamal Abdullanın 75 illik yubileyinə həsr olunmuş “Ömrün 75 illik zirvəsi” adlı elmi-ədəbi tədbir keçirilib.
Manset.az xəbər verir ki, tədbirdə yazıçının həyat və yaradıcılığına həsr olunan videoçarx nümayiş etdirilib, görüş Rüfət Əliyev və Siyavuş Əlizadə tərəfindən sual-cavab və açıq mikrofon formatında davam etdirilib.
Azərbaycanın tanınmış elm və mədəniyyət xadimləri - akademik Vaqif Abbasov,
AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyev, professor Təvəkkül Səlimov,
professor Fuad Məmmədov, Əməkdar incəsənət xadimi Cavanşir Quliyev, Əməkdar incəsənət
xadimi Aqil Məlikov və şair Rüstəm Behrudi çıxış ediblər.
Çıxış edənlər Xalq yazıçısı Kamal Abdullanın çoxşaxəli yaradıcılığından, Azərbaycan
ədəbiyyatı, dilçilik elmi və mədəni fikrinin inkişafına verdiyi mühüm töhfələrdən
bəhs ediblər.
“Simurq” Azərbaycan Mədəniyyəti Assosiasiyasının (AMA) prezidenti, professor
Fuad Məmmədov çıxışında Kamal Abdullanın “Mədəniyyət səfiri” diplomu ilə təltif
olunduğunu bildirib. Qeyd olunub ki, Kamal Abdullanın elmi və bədii irsi
milli-mənəvi dəyərlərin qorunması, müasir humanitar fikrin formalaşması və Azərbaycan
ədəbiyyatının beynəlxalq miqyasda tanıdılması baxımından xüsusi əhəmiyyət
daşıyır.
Natiqlər Kamal Abdullanın yazıçı, alim, pedaqoq və ictimai xadim kimi fəaliyyətini
yüksək qiymətləndirərək, onun zəngin yaradıcılıq yolunun gənc nəsil üçün örnək
olduğunu vurğulayıblar.
Çıxışlarda Kamal Abdullanın əsərlərinin fəlsəfi dərinliyi, milli yaddaşa söykənən
bədii təfəkkürü və elmi araşdırmalarının Azərbaycan humanitar elminə verdiyi
töhfələr xüsusi qeyd edilib.
Çıxış edənlər onun şəxsiyyətində alim təfəkkürü ilə yazıçı dünyagörüşünün vəhdət
təşkil etdiyini qeyd edərək, əsərlərinin həm ölkə daxilində, həm də beynəlxalq
səviyyədə böyük maraqla qarşılandığını diqqətə çatdırıblar.
Akademik Kamal Abdulla tədbirin təşkilatçılarına göstərdikləri diqqət üçün təşəkkürünü
bildirib.