logo
logo logo
logo

Lerikdə Mərakeş çəyirtkələrinə qarşı mübarizə aparılır - FOTOLAR

14:51 - 18 İyul 2026

Lerikdə Mərakeş çəyirtkələrinə qarşı mübarizə aparılır - FOTOLAR

Bir neçə gündür ki, Lerik rayonunda Mərakeş çəyirtkələrinə qarşı genişmiqyaslı mübarizə tədbirləri aparılır. Respublika Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzi tərəfindən zərərvericilərin yayılmasının qarşısını almaq məqsədilə dərhal kimyəvi dezinfeksiya işlərinə başlanılıb. 


Manset.az xəbər verir ki, Lerik rayonunun Blaband kənd ərazi dairəsinə daxil olan yaşayış məntəqələrinin örüş və əkin sahələrində Mərakeş çəyirtkələri kütləvi şəkildə yayılıb. Qonşu kəndlərin sakinləri təşviş içindədirlər. Çünki böyük zəhmət hesabına ərsəyə gətirdikləri taxıl zəmilərinin bu amansız zərərvericilər tərəfindən məhv edilməsi təhlükəsi var. 

Mütəxəssislər bildirirlər ki, çəyirtkələr hazırda inkişafın 1-2-ci yaş mərhələsindədirlər. Bu dövrdə onlara qarşı kimyəvi mübarizə aparmaq və qarşısını almaq daha asandır. Mübarizə tədbirləri yüksək manevr qabiliyyətinə malik ultra kiçikhəcmli müasir çiləyici aqreqatlar və yerüstü texnikalar vasitəsilə həyata keçirilir. Çəyirtkələrin miqrasiya arealının geniş olması səbəbindən Leriklə yanaşı, Astara və Lənkəran Bitki Mühafizə mərkəzlərinin fumiqasiya dəstələri də prosesə səfərbər edilib.

İki gün davam edən gərgin iş nəticəsində rayonun Blaband, Ambu, Barzavu və Əliabad kəndlərini əhatə edən 600 hektardan artıq ərazidə kimyəvi mübarizə tədbirləri uğurla başa çatdırılıb. 

Qeyd edək ki, son illərdə çəyirtkələrin regionda, eləcə də qonşu ölkələrdə bu cür kütləvi yayılması qlobal iqlim dəyişiklikləri ilə əlaqələndirilir. Havanın temperaturunun normadan yüksək olması zərərvericilərin çoxalması üçün əlverişli şərait yaradır.

Nuranə Alisoy


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az