Ukraynanın Odessa sahilləri yaxınlığında dron hücumuna məruz qalmış "Atlas Bey" mülki ticarət gəmisinin kapitanı, həlak olan həmvətənimiz Səməd Nəsrullayevin cənazəsi Azərbaycana yola salınıb.
Manset.az-ın məlumatına görə, Azərbaycanın aidiyyəti dövlət qurumlarının və konsulluq xidmətinin operativ fəaliyyəti sayəsində zəruri hüquqi prosedurlar sürətlə tamamlanıb və mərhumun nəşi ölkəmizin müvafiq orqanlarına təhvil verilib. Kapitanın cənazəsi doğulduğu Lənkəran şəhərinin Balıqçılar məhəlləsinə gətirilir.
Mərhum dənizçi ilə vida mərasimi Lənkəranda təşkil olunacaq. Yaxınlarının verdiyi məlumata görə, doğma evində baş tutacaq vida mərasimindən sonra, kapitan Səməd Nəsrullayevin cənazəsi dəfn olunacaq.
Xatırladaq ki, iyulun 14-də Ukraynanın Odessa sahilləri yaxınlığında yerli vaxtla saat 15:15 radələrində Türkiyənin "Okean Maritime" şirkətinə məxsus "Atlas Bey" adlı mülki ticarət gəmisi dron hücumuna məruz qalıb. Göyərtədə olan 11 ekipaj üzvünün hamısı Azərbaycan vətəndaşı olub. İnsidentdən dərhal sonra həyata keçirilən xilasetmə tədbirləri nəticəsində iyulun 15-də gəminin heyətindəki 10 nəfər Azərbaycan vətəndaşı Moldovaya keçməklə Türkiyə üzərindən sağ-salamat Vətənə yola salınıb.
Hadisə zamanı itkin düşən gəmi kapitanı Səməd Nəsrullayevin taleyi isə intensiv axtarışlardan sonra məlum olub. İyulun 16-da azərbaycanlı kapitanın nəşi dənizdən aşkarlanaraq Odessa şəhərinə aparılıb.
Qeyd edək ki, ömrünün 25 ilini dənizçilik peşəsinə həsr edən Səməd Nəsrullayev ailəli idi və ondan geriyə 3 övladı yadigar qalıb.
Manset.az kollektivi olaraq vəzifə borcunu yerinə yetirərkən faciəvi şəkildə həlak olan dənizçimizə Allahdan rəhmət, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Nuranə Alisoy