Səhər acqarına qəhvə içməyin sağlamlığa təsiri ilə bağlı iddialar hələ də müzakirə olunur.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ekspert-diyetoloq Səlahəddin Dönməz bildirib ki, mövcud araşdırmalar qəhvənin yaratdığı qısamüddətli kortizol artımının sağlam insanlarda ciddi və davamlı sağlamlıq problemlərinə səbəb olduğunu göstərmir.
Dönməzin sözlərinə görə, şəkərsiz qəhvə antioksidant xüsusiyyətləri sayəsində qaraciyər və bağırsaq sağlamlığına müsbət təsir göstərə bilər. Bununla yanaşı, gündəlik qəhvə istehlakının 3-4 fincanı keçməməsi tövsiyə olunur.
Ekspert qeyd edib ki, reflüks, hipertoniya, qalxanabənzər vəzi xəstəlikləri, yuxu pozuntusu olan şəxslər, həmçinin hamilə və süd verən qadınlar acqarına qəhvə içməkdən çəkinməli və kofein qəbulunu məhdudlaşdırmalıdırlar. Bu hallarda qəhvənin səhər yeməyindən sonra qəbul edilməsi daha məqsədəuyğundur.