“Azərbaycan Dəmir Yolları Bakı-Tbilisi-Bakı marşrutu üzrə əlavə reys təşkil edir. Bunun üçün artıq qatar da hazırdır. Ancaq Gürcüstan tərəfi bu qatarı qəbul etməyə hazır deyil”.
Manset.az xəbər verir ki, bu fikirləri nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov açıqlamasında səsləndirib. O bildirib ki, Gürcüstan tərəfində bəzi texniki çətinliklər var:
“Belə ki, qatarların manevri və digər texniki hərəkətləri üçün stansiyada qaldığı müddətdə elektrik təchizatının təmin olunması ilə bağlı problemlər var. Həmçinin Gürcüstan sərhəd xidməti əlavə reys üzrə yoxlanışlara hələ ki hazır deyil. Ümumiyyətlə, son vaxtlar Gürcüstan tərəfdə bir sıra problemlər müşahidə olunub. Qatarın Gürcüstan tərəfdə sərhəd yoxlanışlarının nəzərdə tutulan vaxtdan, yəni 1 saatdan artıq davam etməsi, elektrik enerjisi ilə bağlı yaranan problemlər Bakı-Tbilisi-Bakı qatarının gecikməsi ilə nəticələnə bilir”, - deyə ekspert fikirlərinə əlavə edib.