“AzerGold” QSC-nin dəstəyi, Elm və
Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Aspire EdTech”
şirkətinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə “Dağ-mədən işləri üzrə mütəxəssis”
ixtisası üzrə rəqəmsal kurs təqdim olunacaq.
Manset.az xəbər verir ki, “Dağ-mədən işləri üzrə mütəxəssis”
ixtisası üzrə kurrikulum əsasında hazırlanmış rəqəmsal kurs onlayn formatda Gəncə
və Daşkəsən şəhərlərində yerləşən ixtisaslaşmış peşə təhsili müəssisələrinin tələbələri
və məzunları üçün əlçatan olacaq.
Ənənəvi tədris prosesini rəqəmsal
resurslarla dəstəkləmək məqsədi daşıyan rəqəmsal kurs video dərslər, interaktiv
məlumatlar və test tapşırıqlarından ibarətdir. Proqram çərçivəsində “AzerGold”
QSC-nin mütəxəsislərinin iştirakı ilə ümumilikdə 250 video dərsin və 1500 test
tapşırığının hazırlanması nəzərdə tutulub. Kursu uğurla tamamlayan tələbələrə
Peşə Təhsil üzrə Dövlət Agentliyi tərəfindən təsdiq edilmiş müvafiq
sertifikatlar təqdim ediləcək.
Qeyd edək ki, rəqəmsal təhsil layihəsi
çərçivəsində əlavə olaraq çilingər, qaynaqçı və elektrik peşələri üzrə
ümumilikdə 15 informativ video dərsin hazırlanması nəzərdə tutulub.
Məqsəd bu peşələr üzrə nəzəri
biliklərin əlçatanlığını artırmaq və əmək bazarının tələblərinə uyğun ixtisaslı
kadr hazırlığına töhfə verməkdir. Hazırlanan rəqəmsal kurs eyni zamanda, dağ-mədən
sahəsində peşə hazırlığının müasir texnologiyalar və sənaye təcrübəsi ilə daha
sıx əlaqələndirilməsinə xidmət edəcək.
Qeyd edək ki, təhsilin inkişafı və
dağ-mədən sənayesi üçün ixtisaslı kadr potensialının gücləndirilməsi “AzerGold”
QSC-nin fəaliyyətinin prioritet istiqamətlərindəndir. Bu məqsədlə şirkət
2021-ci ildən etibarən ali və peşə təhsili müəssisələrinin tələbələri üçün Təqaüd
Proqramını həyata keçirir.
Proqram çərçivəsində indiyədək ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsil alan 46, peşə təhsili müəssisələrində təhsil alan 52 nəfər olmaqla, ümumilikdə 98 tələbəyə təhsil müddəti ərzində aylıq təqaüd təqdim olunub.