logo
logo logo
logo

“AzerGold” QSC və törəmə şirkətlərinin kollektivi Vətən müharibəsi şəhidlərinin xatirəsini yad edib

20:39 - 27 Sentyabr 2026

“AzerGold” QSC və törəmə şirkətlərinin kollektivi Vətən müharibəsi şəhidlərinin xatirəsini yad edib

“AzerGold” QSC və törəmə şirkətlərinin kollektivi Vətən müharibəsi şəhidlərinin xatirəsini yad edib.


Manset.az xəbər verir ki, 27 Sentyabr – Anım Günü, Vətən müharibəsinin başlamasının 6-cı ildönümü ilə əlaqədar “AzerGold” QSC və onun törəmə şirkətləri - “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC-nin kollektivi ölkəmizin ərazi bütövlüyü uğrunda aparılmış 44 günlük Vətən müharibəsində parlaq qələbənin, xalqımızın göstərdiyi misilsiz qəhrəmanlığının və şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə salınmış Zəfər Parkını ziyarət ediblər.

Kollektiv Zəfər abidəsinin önünə əklil qoyub, şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib və onların əziz xatirəsinə dərin ehtiramını ifadə edib.

Eyni zamanda, “AzerGold” QSC-nin rəhbərliyi və kollektivi Bakı və Gəncə şəhərlərində Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş əməkdaşları – Muxtar Qasımlı və Rauf Əsgərovun məzarlarını ziyarət ediblər. Ziyarət zamanı şəhidlərin xatirəsi ehtiramla yad olunub, məzarları önünə əklil və gül dəstələri qoyulub.

Xatırladaq ki, “AzerGold” QSC-nin Mühafizə xidmətində çalışmış baş leytenant Muxtar Qasımlı Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak edib. O, 2020-ci il oktyabrın 2-də Füzuli rayonunun Alxanlı kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

QSC-nin Təmir-tikinti və energetika şöbəsinin Generator sahəsi üzrə rəisi vəzifəsində çalışmış baş leytenant Rauf Əsgərov isə Füzuli və Xocavənd rayonları uğrunda gedən döyüşlərdə iştirak edib. O, 2020-ci il oktyabrın 26-da Füzuli rayonunun Mərdinli kəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Qeyd edək ki, hər iki şəhid dövlət başçısının müvafiq sərəncamları ilə ölümündən sonra medallarla təltif edilib. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Rauf Əsgərov “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə”, Muxtar Qasımlı isə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

“AzerGold” QSC və onun törəmə şirkətləri Vətən müharibəsində şəhid olmuş bütün hərbçilərimizin əziz xatirəsini bir daha dərin hörmət və ehtiramla yad edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az