Oktyabrın 2-də Azərbaycan Dillər Universitetində (ADU)
Pakistanın Azərbaycandakı Səfirliyi və ADU-nun Pakistan Dili və Mədəniyyəti
Mərkəzinin əməkdaşlığı çərçivəsində “Dillər arasında körpü: Azərbaycan və urdu
dillərində ədəbi tərcümələrin təqdimatı” mövzusunda ədəbi tədbir keçirilib.
Manset.az xəbər verir ki, tədbirdə Pakistanın Təhsil və Peşə Hazırlığı üzrə
dövlət naziri Vəcihə Qəmər, Pakistanın Azərbaycandakı səfiri Qasım Möhiüddin,
Milli Məclisin deputatları, ADU-nun prorektorları- Beynəlxalq əlaqələr üzrə
prorektoru, professor Jalə Qəribova, Sosial məsələlər və ictimaiyyətlə əlaqələr
üzrə prorektoru Tamam Cəfərova, Elm və innovasiya məsələləri üzrə prorektoru,
professor Həmidə Əliyeva, Azərbaycan və Pakistandan olan qonaqlar, diplomatlar,
elm və ədəbiyyat xadimləri, universitet nümayəndələri və media təmsilçiləri
iştirak ediblər.
Tədbir çərçivəsində Azərbaycan Dillər Universitetinin
rektoru, akademik Kamal Abdullanın “Sehrbazlar dərəsi” əsərinin urdu dilinə,
Pakistanlı yazıçı və motivasiya spikeri Qasım Əli Şahın “Məqsədə doğru”
(“Towards the Goal”) əsərinin isə Azərbaycan dilinə tərcüməsi təqdim olunub.
Çıxışlarda Azərbaycan–Pakistan münasibətlərinin
qarşılıqlı hörmət, etimad və qardaşlıq prinsiplərinə əsaslandığı, ədəbi və
mədəni mübadilələrin iki ölkə xalqlarının bir-birinin ədəbiyyatı, tarixi,
dəyərləri və mədəni irsi ilə daha yaxından tanış olmasına mühüm töhfə verdiyi
vurğulanıb. Qeyd olunub ki, ədəbi tərcümələr Azərbaycan və Pakistan arasında
mədəni əlaqələrin inkişafında mühüm rol oynayır və xalqlar arasında yeni dialoq
imkanları yaradır.
Pakistanın Təhsil və Peşə Hazırlığı üzrə dövlət naziri
Vəcihə Qəmər urdu və Azərbaycan dilləri arasında tərcümələrin daha da inkişaf
etdirilməsinin vacibliyini qeyd edib. O, iki ölkənin təhsil müəssisələri
arasında dil araşdırmaları, ədəbiyyat, elm, müəllim və tələbə mübadiləsi, eləcə
də mədəni proqramlar sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Pakistanın Azərbaycandakı səfiri Qasım Möhiüddin
ədəbiyyatın xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində xüsusi
rolunu qeyd edib və iki ölkə arasında tarixi əlaqələrin əhəmiyyətindən danışıb.
Proqram çərçivəsində Pakistanın mədəniyyəti, irsi,
memarlığı və təbiət mənzərələrini əks etdirən fotosərgi nümayiş olunub.
Sərginin müəllifi Virciniya Morqan-Həyat Pakistanla bağlı təcrübə və
təəssüratlarını bölüşüb. Həmçinin tədbir iştirakçılarına “Salam Pakistan”
sənədli filmi nümayiş etdirilib və Pakistan mətbəxinin təamları təqdim olunub.
Tədbirin sonunda kitabların müəllif və qonaqların
iştirakı ilə imzalanma mərasimi keçirilib.