- Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın “Azərbaycanca danışaq” seriyasından növbəti kitabı Polşada nəşr olunub. Azərbaycan dilinin, tarixinin və mədəniyyətinin təbliği ilə bağlı geniş fəaliyyət proqramının tərkib hissəsi olan kitab Varşava Universitetinin professoru Danuta Chmelovskayanın tərcüməsində işıq üzü görüb.
Manset.az xəbər verir ki, kitaba praktiki səciyyəli zəngin dil materialı, danışıq kitabçası ilə yanaşı ölkəmizin coğrafi mövqeyi, mədəniyyəti, tarixi haqqında informativ bilgilər də daxil edilib.
Nəşr Polşanın ən böyük və nüfuzlu
nəşriyyat evlərindən biri olan "Wydawnictwo Adam Marszałek"
tərəfindən çap olunub. Kitabın əsas məqsədi Polşa və geniş Avropa regionunda
Azərbaycanın zəngin tarixi keçmişi, dil strukturu, multikultural dəyərləri
barədə mövcud elmi bilikləri yeniləmək və genişləndirməkdir.
Kitabda Azərbaycanın qədim
dövrlərindən bu günə qədər keçdiyi tarixi inkişaf yolu fəsillər üzrə təhlil
edilir, Azərbaycan dilinin digər türk dilləri arasındakı spesifik qrammatik
mövqeyi izah olunur. Kitabda eyni zamanda rəsmi Bakının Avropa İttifaqı
çərçivəsində, xüsusən də “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsindəki
siyasi-iqtisadi rolu və ölkənin Şərqlə Qərb arasında geosiyasi körpü
xüsusiyyətləri ətraflı şəkildə işıqlandırılır. Nəşrin özəlliklərindən biri də,
əsrlər boyu formalaşmış Polşa-Azərbaycan tarixi münasibətlərinə, Bakının
memarlığında və sənayesində böyük iz qoymuş polşalı mühəndis və sənətkarların
fəaliyyətinə xüsusi bir bölmənin həsr edilməsidir.
Kitab Polşanın aparıcı
universitetlərinin şərqşünaslıq fakültələrində elmi vəsait kimi istifadə
olunmaqla yanaşı, regionla maraqlanan səyyahlar üçün də ən etibarlı
qaynaqlardan biridir. Oxucular nəşr, rəylər və qiymətlərlə bağlı əlavə məlumatı
Polşanın populyar ədəbiyyat platforması olan “Lubimyczytac” portalı vasitəsilə
əldə edə bilərlər.
Qeyd edək ki, Xalq yazıçısı Kamal Abdullanın “Azərbaycanca danışaq” kitabı indiyədək Fransa, Macarıstan, Rumıniya, Serbiya, Birləşmiş Ərəb Əmirliyi və Pakistanda nəşr olunub.