logo
logo logo
logo

Azərbaycanda ət, yumurta və tərəvəz bahalaşıb – Sentyabrın qiymətləri 

15:16 - 12 Oktyabr 2026

Azərbaycanda ət, yumurta və tərəvəz bahalaşıb – Sentyabrın qiymətləri 

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz artıb.


Manset.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə qiymətlər 6,9 faiz, qeyri-qida məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə isə 5,5 faiz yüksəlib.

Sentyabrda istehlak qiymətləri avqustla müqayisədə 0,9 faiz, ötən ilin sentyabrına nisbətən isə 5,5 faiz artıb.

Ay ərzində qarabaşaq yarması, mal, qoyun və toyuq əti, təzə və dondurulmuş balıq, yumurta bahalaşıb. Gavalı, şaftalı, şabalıd, göyərti, xiyar, pomidor, şirin bibər, badımcan, göy lobya, yerkökü, soğan və kartofun qiymətləri də yüksəlib.

Kərə yağı, limon, alma, armud, üzüm, kivi, qoz, fındıq və ağ kələm isə ucuzlaşıb.

Ümumilikdə, sentyabrda qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə qiymətlər əvvəlki aya nisbətən 1,4 faiz, ötən ilin müvafiq ayına nisbətən 6,9 faiz artıb.

Qeyri-qida məhsulları üzrə aylıq qiymət artımı 0,4 faiz, illik artım isə 3,6 faiz təşkil edib. Geyim, boya, kəsilmiş taxta, mebel, noutbuk və planşet kompüterlər bahalaşıb, zərgərlik məmulatları ucuzlaşıb.

Ödənişli xidmətlərin qiymətləri avqustla müqayisədə 0,6 faiz, ötən ilin sentyabrına nisbətən 5,1 faiz yüksəlib.

Ali və orta ixtisas təhsil müəssisələrinin, xarici dil və abituriyent hazırlığı kurslarının xidmətləri, mənzil kirayəsi və bərbərxana xidmətləri bahalaşıb. Hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma və malların çatdırılması xidmətləri isə ucuzlaşıb.

Digər məhsul və xidmətlərin qiymətlərində ciddi dəyişiklik qeydə alınmayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az