- Azərbaycan Respublikası Prezidentinin “Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı tədbirlər haqqında” 15 aprel 2024-cü il tarixli 85 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılovun əmri ilə yaradılmış İşçi qrupunun növbəti iclası keçirilib.
Manset.az xəbər verir ki, Suların İstifadəsinə
və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən verilən məlumata görə, iclasda
çıxış edən İşçi qrupunun rəhbəri Rafiq Aslanov bildirib ki, 1958-ci ildə
istismara verilmiş, Mingəçevir su anbarından qidalanan Qarabağ suvarma kanalı
hazırda ölkənin ən böyük magistral kanalıdır. Kanal Mingəçevir şəhəri və 8
rayonun 115 min hektaradək əkin sahəsini suvarma, yaşayış məntəqələrini isə məişət
suyu ilə təmin edir. Həmçinin Bəhrəmtəpə hidroqovşağına əlavə su ötürməklə digər
rayonların su təminatına dəstək verir. Kanalın torpaq məcralı olması səbəbindən
ildə təxminən 300 milyon m³ su itkisi yaranır ki, bu da vegetasiya dövründə su
təminatını çətinləşdirir.
Daha sonra
ADSEA-nın tabeliyində olan “Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi
İnstitutu” PHŞ-nin, eləcə də “PROYAPI” və “TEMELSU” şirkətlərinin mütəxəssisləri
tərəfindən layihənin cari vəziyyətinə dair təqdimat keçirilib.
Təqdimatda
bildirilib ki, kanalın 51 kilometrlik birinci hissəsi üzrə layihələndirmə işləri
başa çatdırılıb. Ətraf mühitə təsirin qiymətləndirilməsi hesabatına müsbət rəy
alınaraq, layihə-smeta sənədləri 20 iyul 2026-cı il tarixində Dövlət Ekspertiza
Baş İdarəsinə təqdim edilib və hazırda ekspertiza mərhələsindədir.
Kanalın 56 kilometrlik ikinci hissəsi üzrə də layihələndirmə işləri
yekunlaşdırılıb. İkinci mərhələ üzrə ətraf mühitə təsirin qiymətləndirilməsi
hesabatına müsbət rəy alındıqdan sonra smeta sənədlərinin oktyabr ayının
sonunadək Dövlət Ekspertiza Baş İdarəsinə təqdim edilməsi nəzərdə tutulur.
Üçüncü mərhələ
üzrə isə topoqrafik çəkiliş və geoloji tədqiqat işləri başa çatdırılıb, hazırda
hidravlik hesablamalar və layihələndirmə işləri davam etdirilir. Layihə-smeta sənədlərinin
noyabr ayının sonunadək Dövlət Ekspertiza Baş İdarəsinə təqdim edilməsi
planlaşdırılır.
İclasda İşçi
qrupunda təmsil olunan Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Şəhərsalma və
Arxitektura Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat
Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Mingəçevir və Yevlax şəhərlərinin, eləcə
də Bərdə, Tərtər, Ağcabədi, Ağdam, Beyləqan və İmişli rayonlarının icra
hakimiyyətlərinin nümayəndələri də iştirak ediblər. İştirakçılardan bir neçəsi
çıxış edərək layihəyə dair rəy və təkliflərini bildiriblər.
Qeyd edək ki,
ümumi uzunluğu 172,4 km olan Qarabağ suvarma kanalının baş giriş qurğusu, nasos
stansiyalarını qidalandıran 56 suayırıcı qurğu, 51 suburaxan, 38 selötürən, 5
düker, 4 səviyyəqaldıran qurğu, 2 təxliyə qurğusu, 18 körpü və digər
hidrotexniki qurğularla birlikdə yenidən qurulması nəticəsində kanalın su sərfi
113 m³/san-dən 135 m³/san-dək artırılacaq, beton üzlüklə örtülməsi hesabına su
itkiləri azaldılacaq, suvarılan əkin sahələri isə 115 min hektardan 166 min
hektaradək genişləndiriləcək.
Həmçinin kanalın
106-cı kilometrindən sonra trassasının dəyişdirilməsi Beyləqan və Ağcabədi
rayonlarında Xan Qızı kanalının xidməti ərazsindən təxminən 20 min hektar əkin
sahəsinin su təminatının yaxşılaşdırılmasına imkan yaradacaq. Layihənin həyata
keçirilməsi su ehtiyatlarından daha səmərəli istifadəyə, eləcə də ətraf ərazilərin
ekoloji və meliorativ vəziyyətinin yaxşılaşdırılmasına töhfə verəcək.