Bu gün Nizami Kino Mərkəzində Türkiyə Böyük Millət Məclisinin İstanbul millət vəkili, hüquqşünas Serkan Bayramın həyat hekayəsindən bəhs edən “Buğday Tanesi” filminin nümayişi və xüsusi motivasiya proqramı keçirilib.
Manset.az xəbər verir ki, tədbir Qüsursuz Nitq İnkişafı və Psixologiya Mərkəzinin təşəbbüsü ilə təşkil olunub.
Layihənin əsas məqsədi inklüzivliyin təşviqi, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək göstərilməsi və fiziki məhdudiyyətlərin insanın potensialını reallaşdırmasına mane olmadığının nümayiş etdirilməsi olub.
“Buğday Tanesi” filmi uşaqlıqda baş verən ağır yanğın nəticəsində hər iki əlini itirən Serkan Bayramın həyat hekayəsini əks etdirir. Qarşılaşdığı çətinliklərə baxmayaraq, təhsilini davam etdirən S.Bayram hüquqşünas olub və Türkiyə Böyük Millət Məclisinin üzvü seçilib.
Onun həyat yolu əzmkarlıq, iradə və ümidin, eləcə də inklüzivliyin əhəmiyyətinin bariz nümunəsi kimi təqdim olunub.
Film nümayişi və motivasiya proqramı vasitəsilə gənclərə ümid mesajının çatdırılması, inklüzivlik və bərabər imkanlarla bağlı ictimai məlumatlılığın artırılması hədəflənib. Bununla yanaşı, sosial məsuliyyət və həmrəylik dəyərlərinin təşviqinə də diqqət yetirilib.
Tədbirdə dövlət və ictimai qurumların nümayəndələri, millət vəkilləri, ictimai xadimlər, biznes və media təmsilçiləri, qeyri-hökumət təşkilatlarının və sosial layihələrin nümayəndələri, gənclər və tələbələr, əlilliyi olan şəxslər və onların ailə üzvləri, həmçinin psixoloqlar, pedaqoqlar və sosial sahə mütəxəssisləri üçün iştirak imkanı yaradılıb.