Səhiyyə Nazirliyinin mətbuat xidmətində yeni təyinat olub.
Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Fərid İsrafilzadə Səhiyyə Nazirliyində fəaliyyətə başlayıb.
Ona nazirliyin mətbuat xidmətinin fəaliyyətini öyrənmək tapşırılıb.
Bununla bağlı açıqlama verən Fərid İsrafilzadə bildirib ki, hər iki qurumun kommunikasiya şöbələri arasında əməkdaşlıq vahid yanaşma prinsipi əsasında qurulub:
"Azərbaycan Respublikası Prezidentinin "Səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Fərmanına əsasən, səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi, qurumlar arasında fəaliyyətin əlaqələndirilməsinin gücləndirilməsi və idarəetmədə səmərəliliyin artırılması istiqamətində müvafiq dəyişikliklər həyata keçirilib və TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib.
Bu çərçivədə hər iki qurumun kommunikasiya şöbələri arasında əməkdaşlıq da vahid yanaşma prinsipi əsasında qurulub. Hazırda şöbələr arasında sağlam əməkdaşlıq mövcuddur, kommunikasiya fəaliyyətinin əlaqələndirilməsi və səhiyyə sahəsində vahid informasiya siyasətinin formalaşdırılması istiqamətində birgə fəaliyyət həyata keçirilir".