Maliyyə fırıldaqlarından qorunmaq üçün bank ekspertindən məsləhət
Telefonunuza zəng gəlir. Qarşı tərəf özünü bank əməkdaşı
və ya güc strukturunun nümayəndəsi kimi təqdim edir və hesabınızda şübhəli əməliyyat
aşkarlandığını deyir. Problemi həll etmək üçün sizdən SMS-lə gələn kodu deməyinizi,
linkə daxil olmağınızı və ya vəsaiti “təhlükəsiz hesaba” köçürməyinizi xahiş
edir.
İlk baxışda hər şey inandırıcı görünə bilər. Əslində
isə bunun dələduzluq olduğunu necə anlamaq olar?
Suallarımızı Kapital Bank-ın Təhlükəsizlik
departamentinin direktor müavini Emil Qasımov cavablandırır.
-
Bu
gün maliyyə fırıldaqları necə işləyir və fırıldaqçılar insanları necə
inandırırlar?
Beynəlxalq və yerli təcrübə göstərir ki,
fırıldaqçıların, dələduzların əsas hədəfi banklardan çox müştərilərdir. Bunun
üçün ən təsirli vasitələrdən biri sosial manipulyasiyadır.
Fırıldaqçı özünü bank əməkdaşı, texniki dəstək mütəxəssisi, dövlət qurumunun
nümayəndəsi və ya başqa etibarlı şəxs kimi təqdim edə bilər. Sonra isə insanı məlumat
verməyə, linkə daxil olmağa, kodu paylaşmağa və ya hesabındakı pulu hansısa
hesaba köçürməyə sövq edir.
Dələduzların məqsədinə çatmasının səbəbi sadədir. İnsan
normal vəziyyətdə etməyəcəyi bir hərəkəti psixoloji qorxu və təzyiq altında
daha tez edir. Məsələn, “hesabınız təhlükədədir”, “kartınızdan şübhəli əməliyyat
aparılıb”, “indi təsdiqləməsəniz hesabınız bağlanacaq”, “adınızdan
terrorçuluğun maliyyələşdirilməsi üçün vəsait köçürülüb” kimi ifadələr insanın
diqqətini problemin özünə yox, problemi dərhal həll etməyə yönəldir.
Daha bir ssenaridə isə dələduz qurbanına qazanc vəd edə bilər: “bu fürsət
yalnız bu gün keçərlidir”, “indi ödəniş etməsəniz gəliri itirəcəksiniz” kimi təkliflər
insana seçim şansı vermir. Ona görə mən ilk növbədə qarşı tərəfin dediklərinə
yox, yaratdığı təzyiqə diqqət etməyi tövsiyə edərdim.
Beynəlxalq praktikada da bu yanaşma var. Məsələn, “FBI”
bank hesablarının ələ keçirilməsi hallarının sosial mühəndislik, saxta zənglər,
mesajlar və bankı təqlid edən saytlarla həyata keçirildiyini bildirir. “UK
Finance” isə müştərinin özünün ödənişi təsdiqləməyə inandırıldığı halların
artdığını qeyd edir. Yəni dələduzun ən güclü silahı insanın həmin anda
düzgün qərar verməsinə mane olmaq qabiliyyətidir.
-
Hansı
məqamlar insanlarda dərhal şübhə yaratmalıdır?
Mən xüsusilə dörd siqnala diqqət etməyi tövsiyə edərdim.
1.
Sizi tələsdirirlərsə: “indi edin”, “telefonu bağlamayın”, “bir neçə dəqiqəyə
gec olacaq” kimi ifadələr düşünməyə və məlumatı yoxlamağa imkan verməmək üçün
istifadə olunur.
2.
Sizdən məxfilik tələb edirlərsə: “bunu heç kimə deməyin”, “banka bu barədə danışmayın”, “ailənizə
bildirməyin” kimi tələblər ciddi xəbərdarlıq siqnalıdır. Fırıldaqçı insanın vəziyyəti
başqa biri ilə məsləhətləşməsini, bölüşməsini istəmir.
3.
Pulunuzu qorumaq adı ilə başqa yerə köçürməyinizi
istəyirlərsə: Bank əməkdaşı və ya dövlət qrumunun nümayəndəsi olaraq sizə zəng
edib vəsaiti “təhlükəsiz hesaba” köçürməyi tələb edən, xüsusən də depozit
hesabınızdakı vəsaiti nağdlaşdırıb ödəniş terminallarından hansısa hesaba göndərməyi
tələb edən şəxslərə qətiyyən inanmayın. Bu məqamlar dələduzluğun əsas əlamətlərindən biridir.
4.
Ən vacibi sizdən məxfi məlumat və ya təsdiq kodu
istəyirlərsə:
kartın 16 rəqəmli
PIN nömrəsi, CVV- kodu, karta təyin edilən parol və SMS-lə gələn birdəfəlik təsdiq
kodu başqa şəxslə paylaşılmamalıdır. Burada sadə bir prinsip var: sizdən
hansısa məlumat və ya hərəkət tələb olunursa, əvvəlcə onun nə üçün lazım
olduğunu özünüz anlamalısınız. Əks halda əməliyyatı davam etdirmək əvəzinə
Kapital Bank-ın da dediyi kimi “Dayanın, Düşünün, Dəqiqləşdirin” yəni, öz
bankınızla əlaqə saxlayın və əmin olmadan qərar verməyin.
-
Bəs
zəng edən şəxsin həqiqətən bank əməkdaşı olduğunu necə yoxlamaq olar?
Kiminsə “Bankdan zəng edirəm” deməsi
və ya özünü hansısa güc strukturunun vəzifəli şəxsi kimi təqdim etməsi, həmçinin
bankın adını bilməsi, sizin bəzi məlumatlarınıza sahib olması və ya ekranda
tanış nömrənin görünməsi onun həqiqətən qeyd edilən şəxs olduğunu sübut etmir. Hətta
sizə dost tanışınızdan adət etmədiyiniz mesaj və ya zəng gələ, onun adı, hətta
səsi ilə sizinlə danışa bilərlər. Ona görə şübhəli zəng zamanı ən doğru addım danışığı
dayandırmaq, adı çəkilən şəxs və ya qurumla rəsmi kanllarından əlaqə
saxlamaqdır. Sizə zəng edən şəxsin verdiyi nömrəyə geri zəng etmək isə
qətiyyən olmaz.
Kapital Bank və ya Birbank adından gələn zənglər
üçün bu mexanizm daha rahatdır. Məsələn, Kapital Bank və ya Birbank adından sizə
zəng gəlibsə, danışdığınız şəxsdən Birbank tətbiqinə onun bank əməkdaşı
olduğunu təsdiqləyən bildiriş göndərməsini tələb edə bilərsiniz. Əgər şəxs həqiqətən
bank əməkdaşıdırsa, Birbank tətbiqində bunu təsdiqləyən bildiriş görünür.
Bildiriş gəlmirsə, danışığı sonlandırmaq lazımdır.
Eyni prinsip SMS və mesajlara da aiddir. Sizə bank
adından link göndərilibsə, həmin linkə daxil olmaq əvəzinə bankın tətbiqindən və
ya özünüz bildiyiniz rəsmi kanaldan yoxlama aparın. Çünki bu gün saxta
saytların, mesajların və hətta bankı təqlid edən rəqəmsal kanalların hazırlanması
kifayət qədər asandır. Yəni, müasir dünyada “çox real görünür” artıq
“realdır” demək üçün kifayət qədər əsas deyil.
-
Bəs
OTP kodunu vermək niyə bu qədər təhlükəlidir?
OTP kodu verməyənədək istənilən dələduzluğa müdaxilə
etmək mümkündür. Yəni, o kod bu qədər güclü açardır. Ona görə də OTP-ni sadəcə
“SMS-lə gələn üç-dörd rəqəm” kimi qəbul etmək düzgün deyil. Bu kod müəyyən
giriş və ya əməliyyat zamanı sizin kimliyinizi və ya konkret hərəkəti təsdiqləyən
əlavə təhlükəsizlik qatıdır. Dələduz sizdən həmin kodu istəyirsə, məqsədi
çox vaxt məhz sizin adınızdan həyata keçirmək istədiyi hərəkəti bankın sistemi
qarşısında təsdiqləməkdir.
Məsələn, sizə “Kartınızdan şübhəli əməliyyat
aparılır, onu bloklamaq üçün SMS-lə gələn kodu mənə deyin” deyə bilərlər. Amma
həmin kod əslində əməliyyatı bloklamaq üçün yox, təsdiqləmək üçün
göndərilmiş ola bilər. Bu səbəbdən SMS-i sadəcə kodu görmək üçün oxumaq yox, kodun
hansı əməliyyat və ya hansı hərəkət üçün göndərildiyinə baxmaq
vacibdir. Burada hamının bilməli olduğu bir vacib qayda var. Siz özünüz başlamadığınız
bir əməliyyat üçün OTP kod alırsınızsa, onu heç kimə deməyin və həmin əməliyyatı
təsdiqləməyin.
-
Bəs
müştəri özü əməliyyatı təsdiqləyibsə, bank bunu necə dələduzluq kimi müəyyən edə
bilər?
Bu, son illərdə fraud sahəsində ən vacib dəyişikliklərdən
biridir. Əvvəllər fırıldaqçılıq deyəndə daha çox oğurlanmış kart məlumatı və ya
icazəsiz əməliyyat təsəvvür edilirdi. Bu gün isə başqa bir ssenari də geniş
yayılıb: müştəri əməliyyatı özü edir, amma bunu dələduzun manipulyasiyası
nəticəsində edir. Məsələn, müştəriyə zəng edilir. Ona hansısa bir
ssenari deyilir. Nəticədə müştəri müəyyən addımlar atır: vəsaiti köçürür,
nağdlaşdırır, depozit hesabındakı məbləği götürür və.s.Texniki baxımdan bankın
gördüyü odur ki, əməliyyatı müştəri edir. Amma qərarın arxasında dələduz dayanır.
Əlbəttə, təhlükəsizlik səbəbindən bankın konkret fraud aşkarlama qaydalarını və
sistem parametrlərini açıqlamaq düzgün olmaz. Amma deyə bilərəm ki, bütün
bankların kifayət qədər güclü müdafiə mexanizmləri var. Nümunə olaraq qeyd edə
bilərəm ki, Kapital Bank-ın təhlükəsizlik infrastrukturunun
əsasını süni intellekt əsaslı texnologiyalar təşkil edir. Bu sistemlər
vasitəsilə bank əməliyyatları 24/7 rejimində izlənilir, şübhəli fəaliyyətlər
müəyyən edildikdə dərhal müdaxilə edilir. Həmçinin, beynəlxalq standarlara
uyğun olaraq ISO 27001 (İnformasiya Təhlükəsizliyinin İdarə Olunması
Standartı), PCI DSS (Ödəniş Kartları Sənayesinin Məlumat Təhlükəsizliyi
Standartı) və NIST CSF (ABŞ Milli Standartlar və Texnologiyalar İnstitutunun
Kiber Təhkükəsizlik Qanunauyğunluqları) prinsiplərinə əsasən müdafiə həyata
keçirilir. Yəni bank nə qədər məsuliyyətlidirsə müştəri də öz məlumatlarına
qarşı o qədər həssas olmalıdır.
-
Bəs
artıq müştəri şübhəli linkə daxil olubsa, dələduza məlumatlarını veribsə və ya
pul köçürübsə nə etməlidir?
Belə vəziyyətdə ən vacib addım gözləməməkdir.
Kart və ya hesab məlumatları paylaşılıbsa, OTP kod verilibsə, şübhəli linkə
daxil olunubsa, dələduzun yönləndirməsi ilə pul köçürülübsə dərhal bankla rəsmi
kanal vasitəsilə əlaqə saxlanılmalı, nə baş verdiyi olduğu kimi izah edilməlidir.
Çünki bəzən müştərinin verdiyi yanlış informasiya bankın müdaxiləsini gecikdirə
bilər. Yalnız bankın və ya hüquq mühafizə orqanlarının yönləndirməsi ilə hərəkət
etmək lazımdır. Əgər aldadılmısınızsa sizə “pulu geri qaytaracağıq” deyərək
yenidən ödəniş etməyə çağıran şəxslərə qarşı da diqqətli olun. Təcrübə göstərir
ki, fırıldaqçılar bəzən artıq zərər çəkmiş insanları ikinci dəfə hədəfə
alırlar. Onu da qeyd edim ki, 196 Çağrı Mərkəzində bankımızın fraud halları ilə
bağlı xüsusi komandası fəaliyyət göstərir. Yəni, bu mövzuda gələn zənglə bağlı
heç bir gözləmə yoxdur və əməkdaşlarımız dərhal vəziyyətə müdaxilə edirlər.
-
Sonda
yadda saxlamaq üçün sadə bir qayda varmı?
Dələduzlardan qorunmaq üçün bütün mümkün ssenariləri
əzbərləməyə ehtiyac yoxdur. Mən üç sadə addımı yadda saxlamağı tövsiyə edərdim:
Dayan, Düşün, Dəqiqləşdir.
Dayan - Sizi qorxudan, tələsdirən və ya dərhal qərar verməyə
məcbur edən zəng, mesaj və ya təklif aldıqda ilk reaksiyanız hərəkət etmək
olmasın. Zəng edən şəxsin sizdən istədiyi əməliyyatı həmin anda yerinə yetirməyin.
Düşün - Özünüzə sadə suallar verin. Məndən nə istəyirlər? Niyə məhz indi
bunu etməliyəm? Məndən pul, kart məlumatı və ya təsdiq kodu tələb olunurmu? Qarşı
tərəfin yaratdığı təcili vəziyyətin sizi düşünmədən qərar verməyə sövq edib-etmədiyinə
diqqət edin.
Dəqiqləşdir - Qarşı tərəfin verdiyi nömrə, link və ya məlumatla
kifayətlənməyin. Vəziyyəti bankın öz rəsmi kanalı vasitəsilə müstəqil şəkildə
yoxlayın. Məsələn, Kapital Bank adından zəng gəlibsə, Birbank tətbiqində zəng
edən şəxsin həqiqətən bank əməkdaşı olduğunu yoxlamaq imkanından istifadə edə
bilərsiniz.
Çünki bu gün fırıldaqçılığın əsas problemi onun artıq həmişə “şübhəli” görünməməsidir. Zəng real, mesaj peşəkar, hətta qarşı tərəfin bildiyi məlumatlar doğru ola bilər. Ona görə özünüzü yalnız dələduzu tanımağa yox, qərar verməzdən əvvəl yoxlama vərdişinə öyrətmək daha vacibdir.