“Oğurluq hallarının artmasına bir səbəb də odur ki, əgər şəxsin 14 yaşı tamam olmayıbsa, tutduğu əmələ - oğurluğa görə məsuliyyətə cəlb olunmur”.
Manset.az xəbər verir ki, bu barədə hüquqşünas Şamil Paşayev AzTV-nin efirində yayımlanan proqramda qonaq olarkən uşaq əməyinin istismarı və uşaqların diləndirilməsi ilə bağlı mövzuya fikir bildirərkən deyib.
O bildirib ki, bəzən valideynlər bu nüansı göz önündə tutaraq uşaqlardan məhz bu məqsədlə istifadə edirlər:
“Onlar belə etməsinə səbəb odur ki, uşaqlar oğurluq üstündə tutulanda məsuliyyətə cəlb olunmurlar. Amma bir şeyi unutmaq olmaz ki, yetkinlik yaşına çatmayanları cinayət əməllərinə sövq edənlər özləri məsuliyyət daşıyırlar”.
Hüquqşünas bu mövzularda daha çox Təhsil Nazirliyinin tənqid edilməsinə də münasibət bildirib:
“Mən Təhsil Nazirliyinin saytında axtarsam da tapa bilmədim ki, icbari təhsildən yayınan uşaqların sayı nə qədərdir. Bu hallarla bağlı nazirlik tərəfindən polisə, prokurorluğa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə hansı hesabat göndərilib? Bu barədə heç bir məlumat yoxdur, tapa bilmirik”.