Ukraynadakı müharibə ilə əlaqədar 9 günə çətinliklə Xarkovdan Azərbaycana gələn və burada koronavirusa yoluxan azərbaycanlı qadın ana olub.
Manset.az xəbər verir ki, vəziyyəti ağırlaşan hamilə qadın martın 17-də Kliniki Tibbi Mərkəzə gətirilib və 24 saat sonra təcili əməliyyata alınıb.
Xəstəxanadan bildirilib ki, hamiləliyinin 38-ci həftəsində ağır dərəcəli preeklamsiya (hamiləlik patalogiyası, arterial təzyiqin yüksəlməsi, proteinuriya və ödəmlərin olması), uşaqlığında çapıq (konservativ miomektomiya əməliyyatından sonrakı vəziyyət) olan hamilə qadında həmçinin döl qişalarının vaxtından əvvəl cırılması da müşahidə edilib.
Əməliyyat riskli olsa da qadının və körpənin həyatını xilas etmək mümkün olub, 3500 qram çəkidə qız doğulub. Əməliyyatdan sonra ananın vəziyyəti ilə bağlı narahatlıqlar davam etdiyi üçün həkim nəzarətinə götürülüb. Hazırda həm ananın, həm də körpənin vəziyyəti yaxşı olduğundan evə buraxılıblar.