Düşmənin basdırdığı minaların dəhşət saçan XÜSUSİYYƏTLƏRİ

14:20 - 19 Aprel 2022

Düşmənin basdırdığı minaların dəhşət saçan XÜSUSİYYƏTLƏRİ

İşğaldan azad edilən ərazilərimizdə minatəmizləmə əməliyyatları zamanı plastik və taxta gövdəli minalar, fərqli xüsusiyyətlərə malik partlayıcı qurğuların, sursatın aşkar edilməsi və zərərsizləşdirilməsi fəaliyyəti davam etdirilir.

 

Manset.az xəbər verir ki, bu haqda ANAMA-dan Axar.az-ın sualına cavab olaraq bildirilib.

Qurum qeyd edib ki, işğaldan azad edilən ərazilərdə həm piyada, həm də hərbi texnika əleyhinə müxtəlif növ minalara, partlayıcı qurğulara rast gəlinir:

“Düşmən tərəfindən basdırılmış piyada əleyhinə minaların əksəriyyətini özlərinin istehsalı olan PMN-E, həmçinin PMN-2, PMD-6, PMP minaları təşkil edir. Tank əleyhinə minalardan isə daha çox TM-57, TM-62M, TM-62P, TM-62P2, TM-62P3 minalarına rast gəlinir. Eyni zamanda, düşmən əhali və orduya qarşı çoxsaylı tələ minaları və əldədüzəlmə partlayıcı qurğulardan (ƏPQ) da istifadə edib. ƏPQ-lər əl altında olan müxtəlif vasitələrdən, məişət əşyalarından və hərbi sursatlardan kombinə edilərək düzəldilir. Bu cür minalar hər hansı əşya, məsələn, taxta qutular, saat, qələm, fotoaparat və s. kimi diqqətcəlbedici əşyalardan hazırlana bilir və ya partlayıcı qurğuya – minaya tələ məftili ilə bənd edilir. Bu isə insanların partlayıcı qurğuya və ya minaya yaxınlaşmasını, ona toxunmasını təmin etmək məqsədi güdür”.

Minaların təyinatı və digər xüsusiyyətləri haqda ANAMA-dan bunlar qeyd edilib:

“Piyada əleyhinə minalar iki yerə ayrılır. Bunlar partlayış dalğalı (PMN, PMN-E, PMN-2, PMD-6, PMP) və qəlpəli minalardır ( MON-100, MON-200, OZM-72, POMZ). Sözügedən növdəki minaların təyinatına gəldikdə isə onlar mülki əhali və ordunun canlı qüvvələrinin məhv edilməsi, yaxud xəsarət alması üçün istifadə olunur. Tank əleyhinə minalar da öz növbəsində partlayış dalğalı (TM-57, TM-62M, TM-62P, TM-62P2, TM-62P3) və kumulyativ (TMK-2) xüsusiyyətli minalara ayrılır. Bu növ minalar tırtıllı və təkərli texnikanın məhv edilməsi və ya sıradan çıxarılması məqsədilə istifadə olunur. Ümumilikdə minalar təzyiqlə, təzyiqdən boşalma, dartma, gərginlikdən qurtulma, vаxtlа idarə olunma metodları ilə işə düşürlər. Onlar əsasən qəhvəyi, xaki, qara və boz rənglərdə olaraq, metal, plastik və taxta materialdan hazırlanır.

Əksər hallarda minalar bitki basmış yollara, cığırlara, asfalt yolların kənarlarına, keçmiş sərhəd keçid məntəqələrinə, elektrik dirəklərinin ətrafına, su mənbələrinə (içməli və texniki), ağaclıq, meşəlik və kölgəli ərazilərə, əkin sahələrinə, dəmir yolu xətlərinə, hava limanı, təyyarə və helikopterlərin enmə meydanı, eləcə də ətrafına, səngərlərin daxilinə və ətrafına, bütün növ hərbi istehkamların ətrafına, hərbi hissələrin ətrafına, düşməndən qalan hərbi texnika və sursatların ətrafına, qadağan olunmasına baxmayaraq evlərin qapı, pəncərə və pilləkanlarına, ictimai yerlərə yerləşdirilə bilər”.

Açıqlamada işğaldan azad edilən ərazilərimizdə bugünədək xeyli sayda minanın zərərsizləşdirildiyi və fəaliyyətin fasiləsiz şəkildə davam etdirildiyi vurğulanıb:

“ANAMA-nın fəaliyyətləri nəticəsində 10 noyabr 2020-ci ildən 17 aprel 2022-ci ilədək 86.122.007 kvadrat metr (8612.2 hektar) ərazidə 14 min 757 ədədi partlamamış hərbi sursat, 10 min 838 ədəd piyada əleyhinə, 5 min 183 ədədi tank əleyhinə mina olmaqla ümumilikdə 30 min 778 ədəd “PHS” və mina aşkar edilərək zərərsizləşdirilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az