“Bu, biabırçı hadisədir. Belə bir hadisənin dövlət müəssisəsində yaşanması qətiyyən yolverilməzdir. Bizim kimi milli-mənəvi dəyərlərə hörmət edən, öz dəyərlərilə yaşayan cəmiyyət üçün şok effekti oldu. Bu görüntüləri 8 ildən sonra kim, hansı məqsədlə ortaya çıxarıb, hələ ki bilinmir. Amma təbii ki, bu görüntülərin yayılması həmin dövlət strukturunun ictimaiyyət arasındakı nüfuzuna xeyli xələl gətirdi. Ola bilər ki, FHN-nin cəmiyyət arasındakı nüfuzunu azaltmaq və bununla da nazirin getməyinə şərait yaradılması kimlərinsə planıdır".
Masnet.az xəbər verir ki, bunu Bakupost.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib:
Partiya sədri qeyd edib ki, DTX Zaur Mirzəyevin və görüntüdə olan insanların fəaliyyətini araşdırmalıdır:
“Bu məsələlər bir şantaj predmeti, dövlət əhəmiyyətli hansısa məlumatların ötürülməsi üçün istifadə oluna bilər. 2014-cü ildən bəri bu görüntülər kimdədir? Niyə Zaur Mirzəyev tərəfindən çəkilib saxlanılıb? Burada məxfi şöbənin rəisinin və əməkdaşların adı hallanır. Zaur Mirzəyevin belə bir qanunsuzluq etməsi, özünün peşə karyerasına və şəxsi həyatına zərbə vuracaq görüntüləri könüllü olaraq çəkməsi nədən qaynaqlanır? Məncə bu məsələlər araşdırılmaldır. Bu insanların DTX tərəfindən istintaqa cəlb olunması və qeyd olunan halların araşdırılması vacibdir”.