Məlumatları ovucumuza gətirən “myGov”

10:07 - 07 Noyabr 2022

Məlumatları ovucumuza gətirən “myGov”

 XXI əsri  mübaliğəsiz elektron hökümət erasının başlanğıcı adlandıra bilərik.Cünki yeni idarəetmə növünə zərurət məhz bu əsrdə yarandı.Nəticədə vətəndaşlara və biznesə dövlət xidmətlərini yüksək şəkildə təqdim edən “Electronic Government” yəni “Elektron Hökumət” sistemi quruldu. Hansı ki,bu sistemdə bütün idarəetmə orqanları, vətəndaşlara vahid platformada xidmət göstərir. İnformasiya cəmiyyətinə xas dövlət idarəçiliyi sayılan elektron hökumətin fəaliyyətinin əsasını informasiya-telekommunikasiya texnologiyalarının imkanları,vətəndaş cəmiyyətlərinin dəyərləri təşkil edir.Bu sistemin uğuru, sürətli və keyfiyyətli xidmətlərin göstərilməsindən aslıdır.Dünyada elektron xidmətlərdən istifadə ilə bağlı ilk qanun 2001-ci ildə Finlandiyada qəbul olunub. Hazırda dünyada elektron hökumətin qurulması üzrə 3 əsas inkişaf modeli mövcuddur. Bunlar, Qərbi, Mərkəzi və Şərqi Avropa ölkələrində tətbiq edilən -Kontinental Avropa modeli, ABŞ, Kanada və Böyük Britaniyada istifadə olunan İngilis-Amerikan modeli, Cənubi Koreya və Sinqapur təcrübəsini əks etdirən -Asiya modelidir.Sadalanan hər üç təcrübədən yeni elektron hökümət modellərinin qurulmasında aktiv istifadə olunur. 

Azərbaycanda da “Elektron Hökumət”in formalaşdırılması zamanı beynəlxalq təcrübə nəzərə alınıb.Bu sistemin fəaliyyəti üçün hüquqi bazanı,Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının təsdiq edilməsi haqqında Sərəncamı, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında”müvafiq Fərmanı və digər normativ hüquqi aktlar yaradır.

Azərbaycanda “Elektron Hökumət” - müasir informasiya texnologiyalarından istifadə etməklə, dövlət qurumları tərəfindən ölkə  ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayanlara həm informasiya həm də e-xidmətlər göstərir.Məqsəd, sosial xidmət təminatında dövlət qulluqçuları ilə vətəndaşlar arasında olan “məsafəni” azaltmaq, qarşılıqlı münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır.

“Elektron Hökumət”dən istifadə müasir texnologiyaların geniş tətbiqi ilə dövlət orqanlarının fəaliyyətində səmərəliliyinin artmasına,büdcə vəsaitlərinə qənaət edilməsinə, dövlət xidmətlərinin göstərilməsi müddəti və xərclərinin azalmasına,dövlət orqanlarının vahid informasiya bazasının formalaşmasına və təhlükəsizliyinin təmin olunmasına, effektiv, şəffaf, nəzarət oluna bilən dövlət idarəetməsinin və yerli özünüidarəetmənin bərqərar olmasına imkan verir. Vətəndaşların “Elektron Hökumət”dən istifadə etdiyi təqdirdə dövlət orqanları ilə təmasları sadələşir,daha münasib və çevik formada informasiya tələbatları dolğun şəkildə ödənilir.Məhdud imkanlı insanların belə dövlət xidmətlərinə rahat çıxış imkanı olur.

“Elektron Hökumət”in biznes subyektlərinə vəd etdiyi üstünlük isə dövlət orqanları ilə səmərəli və operativ şəkildə əlaqə qurulması, xərclərin azaldılması,iqtisadi aktivliyin, rəqabət qabiliyyətinin və xarici bazarlara çıxış imkanlarının artırılmasıdır.Azərbaycanda elektron hökümət siyasətini ölkə başçısının müvafiq Fərmanı ilə 2018-ci ildə yaradılan “Elektron Hökumətin İnkişafı Mərkəzi”i həyata keçirir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılan çoxsaylı layihələrdən biri də “myGov” portalıdır. Qabaqlayıcı hökumət konsepti əsasında vətəndaş, dövlət və biznes qurumlarını vahid platformada birləşdirən, elektron xidmətlərin göstərildiyi sistem olan “myGov” vasitəsilə vətəndaşlar dövlət qurumları tərəfindən verilmiş məlumatlar ilə tanış olur. Həmçinin, xidmətlərə elektron qaydada müraciət edə, e-arayışlar və digər sənədləri əldə edə, məlumatlarının doğruluğunu təsdiqləyə,məlumatlarının digər qurumlara ötürülməsi prosesini tənzimləyə bilərlər. Bəs “myGov” portalından istifadə vətəndaşa nə verir?

İlk növbədə,təqdim olunan xidmətlərə bir klik ilə müraciət etmə imkanı qazanırıq. İstifadəçi olaraq “XİDMƏTLƏRƏ MÜRACİƏT” bölməsinin seçməklə şəxsi kabinetdə göstərilən xidmətlərə müraciət edə, həmçinin ən çox istifadə etdiyimiz xidmətləri “Seçməli Xidmətlərin” bölməsinə daxil etməklə şəxsi kabinetimizi fərdiləşdirə bilərik.

“BİLDİRİŞLƏR” adlı alt-keçid isə vətəndaşa dair məlumatlar yenilənməsindən xəbər verir.Yəni, sənədlərimizin etibarlılıq müddəti başa çatdıqda yaxud sistemə yeni xidmətlər əlavə edildikdə bununla bağlı SMS, e-mail, həmçinin şəxsi kabinet vasitəsilə xəbərdarlıq alırıq. “myGov” portalının “TƏSDİQETMƏ” adlı bir xidməti də var ki,bu vətəndaşa dair məlumatların digər qurumlara ötürülməsi zamanı mütləq şəkildə vətəndaşın təsdiqini tələb edir.Yalnız bundan sonra məlumatlar üçüncü tərəfə ötürülə bilir.Vətəndaşın qurumlara bir ünvandan müraciət imkanını bizə “myGov” portalının “ƏKS ƏLAQƏ” xidməti verir.Belə ki,şəxsi kabinetimizə daxil olaraq öz fikirlərimizi,şərhlərimizi,şikayət və təkliflərimizi aidiyyatı quruma göndərə bilirik. Eyni zamanda əgər özümüz haqqında sistemdə hər hansı bir yanlış məlumat aşkarlasaq bu barədə dərhal müvafiq quruma müraciət ünvanlayırıq ki,informasiyaya düzəliş edilsin.

“myGov” portalı istifadəçilərə “TƏHLÜKƏSİZ GİRİŞ” şansını da yaradır.Yəni “ASAN Login” ilə sistemə bir dəfə daxil olmaqla digər sistemlərə də avtomatik olaraq giriş edirik.Bununla yanaşı sistemdən bir çıxışla inteqrasiya olunmuş digər bütün sistemlərdən də  çıxmış oluruq. Bu isə vaxtımıza qənaət baxımından çox sərfəlidir. Portalın xidmətlərindən istifadə üçün bir neçə vasitə ilə qeydiyyatdan keçə bilərik.Bunlar, İdentifikasiya nömrəsi, SİMA rəqəmsal imza, ASAN imza, SİMA Token elektron imza və BSXM elektron imza ilə olan qeydiyyatlardır. Giriş üçün tələb olunan bu beş vasitədən birindən istifadə etməklə “myGov”da qeydiyyatdan keçərək portalın xidmətlərindən faydalanarıq. Burda doğulandan ölənə qədər formalaşdıra biləcəyimiz 1500-ə qədər bizə aid data-məlumat toplanıb. Burda istifadəçilərin ailə tərkibi, doğum və ölüm haqqında şəhadətnamələri, tələbə-məzun, şəxsi məlumatları, yerli və xarici diplomları, xaricdə dövlət proqramı ilə təhsil, yaşayış və iş yeri, mobil nömrələr, stasionar telefonlar, qeydiyyatda olan nəqliyyat vasitələri, sürücülük vəsiqəsi, ümumvətəndaş pasportu, cərimələr, etibarnamələr, COVİD 19-la bağlı immunitet, əks-göstəriş, peyvənd sertifikatları, daşınmaz əmlak, miqrasiya haqqında və məcburi köçkünlərlə bağlı məlumatları yer alıb.

Bir sözlə “myGov” məlumatlara çıxışımızı asanlaşdıran,bütün cihazlardan rahatlıqla istifadə edə biləcəyimiz bir portaldır.
 
 
Aytən Abdulova


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az