Ümumdünya Diabet Gününə həsr olunmuş konfrans keçirildi - FOTOLAR

14:20 - 15 Noyabr 2022

Ümumdünya Diabet Gününə həsr olunmuş konfrans keçirildi - FOTOLAR

Respublika Endokrinoloji Mərkəz, Azərbaycan Diabet Liqası və META Uşaq Endokrin Mərkəzinim birgə təşkilatçılığı ilə 14 Noyabr – Ümumdünya Diabet Gününə həsr olunmuş konfrans keçirilib.

Manset.az xəbər verir ki, tədbirdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Koordinasiya şöbəsinin müdiri Mübariz Ağayev, Respublika Endokrinoloji Mərkəzin direktoru Nərmin İsmayılova, Azərbaycan Respublikasının baş endokrinoloqu, Respublika Endokrinoloji Mərkəzin baş həkimi Babək Salek, Azərbaycan Diabet Liqasının sədri Yeganə Sultanova, META Uşaq Endokrin Mərkəzin rəhbəri Azad Ələkbərzadə və tanınmış endokrinoloqlar iştirak edib.

Açılış nitqi ilə çıxış edən Mərkəzin direktoru Nərmin İsmayılova Respublika Endokrinoloji Mərkəzin diabetlə mübarizədə həyata keçirdiyi fəaliyyət istiqamətlərindən bəhs edib. N.İsmayılova 2006-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilən qətnaməyə əsasən, 2007-ci ildən etibarən hər il noyabrın 14-nün BMT-nin Ümumdünya Diabet Günü kimi qeyd olunduğunu vurğulayıb. O, bu qətnamə ilə qeyri-infeksion xəstəlik olan diabetin dünya miqyasında İİV/QİÇS, vərəm, malyariya kimi infeksion xəstəliklərlə eyni səviyyədə qəbul edildiyini bildirib.

Çıxış edən TƏBİB-in Koordinasiya şöbəsinin müdiri Mübariz Ağayev qeyd edib ki, Ümumdünya Diabet Günündə diabetlə bağlı qlobal məlumatlılıq artırılır, bu xəstəliyin inkişafının qarşısının alınması yolları araşdırılır, beynəlxalq ictimaiyyət və beynəlxalq inkişaf agentlikləri inkişaf etməkdə olan ölkələri diabetin qarşısının alınmasına və səhiyyə xidmətindən istifadənin artırılmasına dəstək verməyə çağırılır. M.Ağayev Azərbaycan Respublikasında şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısının təşkilati-hüquqi əsaslarını müəyyənləşdirən, bu xəstəliyin profilaktikası və müalicəsi sahəsində yaranan münasibətləri tənzimləyən “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” AR Qanunun qəbul olunduğunu və bu istiqamətdə əsaslı işlər görüldüyünü bildirib.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının baş endokrinoloqu, Mərkəzin baş həkimi Babək Salek, Azərbaycan Diabet Liqasının sədri Yeganə Sultanova, META Uşaq Endokrin Mərkəzin rəhbəri Azad Ələkbərzadə Ümumdünya Diabet Gününün şəkərli diabetdən əziyyət çəkən insanları, səhiyyə işçilərini, diabet müdafiəçilərini, medianı, geniş ictimaiyyəti və dövlət təşkilatlarını diabet haqqında məlumatlandırmaq üçün bir araya gətirən qlobal tədbirin olduğunu bildiriblər.

Tədbir diabetli uşaqlar və onların valideynlərilə həkimlərin onlayn söhbətləri ilə davam etdirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az