Jurnalistin anasının səhhəti ilə bağlı - AÇIQLAMA

18:17 - 18 Noyabr 2022

Jurnalistin anasının səhhəti ilə bağlı - AÇIQLAMA

Bir neçə gündür sosial şəbəkələrdə jurnalist Nərmin Əkbərlinin anasının səhhəti ilə bağlı müraciəti yayımlanır. 

 

Manset.az xəbər verir ki, anası Fərqanə Əkbərovanın ağır vəziyyətdə olduğunu, maddi çatışmazlıq səbəbindən onu itirmək istəmədiyini deyən jurnalist kömək üçün ölkə rəhbərliyinə müraciət edib. O qeyd edib ki, anasının səhhəti bu ilin iyul ayından etibarən pisləşməyə başlayıb. Edilən müalicələr heç bir nəticə vermədiyindən oktyabrın 28-dən etibarən onu xəstəxanaya yerləşdiriblər. Jurnalistin bildirdiyinə görə, bir neçə xəstəxana dəyişsələr də, hələ də xəstəyə dəqiq diaqnoz qoyulmayıb: “Əvvəlcə bağırsaqda onkoloji, sifilis və digər müxtəlif xəstəliklərlə bağlı şübhələr olsa da, öz təsdiqini tapmadı. İndi problemin ağciyərdə olduğu bildirilir. Pnevmoniya təsdiqlənsə də, onkoloji riski olduğu da inkar edilmir. Lakin anamın ümumi vəziyyəti bu xəstəliyin dəqiq müəyyənləşdirilməsi üçün uyğun deyil”.

İki gündür ki, Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilən F. Əkbərovanın müalicəsi üçün onlarla jurnalist qan verib. N. Əkbərli anasının süni nəfəs aparatına qoşulduğunu, sağalması üçün qana ehtiyacı olduğunu yazıb. 

F. Əkbərlinin səhhəti ilə bağlı xəstəxananın baş həkiminin müavini, Terapiya şöbəsinin müdiri Zakir Quliyevlə əlaqə saxladıq. O bildirdi ki, hazırda xəstənin vəziyyəti ağır olaraq qalır: “Xəstənin süni tənəffüs aparatından ayılması hələ nisbi məsələdir. Xəstə bizə gələndə çox ağır vəziyyətdə idi. İyundan bəri davam edən problemləri var. Bizə gələndə tam ağır vəziyyətdə olduğuna görə biz onu reanimasiyaya yerləşdirdik. Hazırda aparatdadır, dinamikasında müsbət qrafika var, daha yaxşılığa doğru gedir. Mədə-bağırsaq qanaması var idi, hazırda o da nəzarət altına alınıb, kəskin qan düşmələri yoxdur. Ağciyəri də yaxşılığa doğru gedir. Əgər hər şey yaxşı olarsa, günün sonuna kimi xəstəni aparatdan ayırmağı düşünürük”.

Xəstənin diaqnozuna gəlincə isə, həkim bildirib ki, F. Əkbərovada ciddi mədə-bağırsaq qanaması olub. Həmçinin pnevmoniya, hər iki ağıciyərin maye toplaması müşahidə olunub. Bununla bağlı bəzi analizlər götürülüb və yoxlanılır. Həkimin sözlərinə görə, xəstə kritik vəziyyətdən ağıra doğru gedir: “İki gün öncə çox kritik vəziyyətdə idi, həyatını itirmək ehtimalı çox yüksək idi. Bu gün isə vəziyyəti ağırdır, kritik dönəmdən çıxmış kimi görünür”.

Həkim xəstə üçün qan toplanması barədə isə qeyd edib ki, hazırda pasiyent üçün yetəri qədər qan var. Sabah ehtiyac olanda qan tükənməsin deyə, əvvəlcədən planlı şəkildə qan ehtiyatı toplanır ki, hər hansı sıxıntı olmasın.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az