Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) əməkdaşları və ASAPES-nın tədrisi ingilis dilində aparılan həkimlər üçün “İdman tibbi və reabilitasiya” magistr proqramının rəhbəri, Böyük Britaniyanın UCL Universitetinin professoru, UCL-in İdman Fiziki Fəaliyyət və Sağlamlıq İnstitutunun (Institute of Sports, Exercise and Health) aparıcı eksperti, Böyük Britaniyanın Kral Tibb Cəmiyyətinin İdman Tibbi Bölməsinin vitse-prezidenti, idman tibbi üzrə Avropa Standartının müəllifi, Beynəlxalq Olimpiya Komitəsinin tibbi eksperti Maykl Pol Luzmor (Michael Paul Loosemore) bu gün Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının (ATU TCK) qonağı olublar. Görüşdə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının kafedra müdiri, professor Vəfa Pənahian və Rezidentura üzrə məsul şəxs, tibb üzrə elmlər namizədi Namiq Xəlilov da iştirak edib.
Manset.az xəbər verir ki, Maykl Pol Luzmor həkim-rezidentlərə müasir tibb elminin idman sahəsinə inteqrasiyası, tətbiqi və istifadəsi, bu proqramın üstünlükləri, xarici mütəxəssislərin tədris prosesinə cəlb olunması və digər məsələlər barədə məlumat verərək, aparılmış elmi-tədqiqatlara əsaslanan “İdmanda beyin zədələnmələri” mövzusunda mühazirə oxuyub. Tədbir zamanı britaniyalı professor tələbə və rezidentlərin suallarını da cavablandırıb.
Qeyd edək ki, Maykl Pol Luzmorun ATU həkim-rezidentləri ilə görüşməkdə əsas məqsəd “İdman tibbi və reabilitasiya” magistr proqramına bu sahəyə maraq göstərən bacarıqlı tələbələrin cəlb olunmasına və onların ixtisaslı kadr kimi yetişməsinə töhfə verməkdir.





