"Hazırkı tarixə qədər səhiyyə qurumlarına COVID-19-a qarşı peyvənddən sonra əks göstərişi ilə bağlı müraciət olunmayıb".
Manset.az xəbər verir ki, bunu Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov bildirib. Nazirliyinin açıqlamasında bildirilir ki, COVID-19-a qarşı peyvənddən sonra ciddi əks göstərişli müraciət olmadığından, bu istiqamətdə kompensasiya verilmə halı qeydə alınmayıb.
Maraqlıdır, əgər vaksin vurularkən vətəndaşda ağırlaşma halı qeydə alınarsa, bunun üçün nə qədər kompensasiya müəyyən edilə bilər? Ümumiyyətlə, əks göstərişlə bağlı hadisələrlə yanaşı, ölüm halları da yaşanarsa, kompensasiya verilə bilərmi?
Cebhe.info-ya açıqlamasında Milli Məclisin Səhiyyə komtiəsinin üzvü, deputat Kamilə Əliyeva bununla bağlı məlumatı olmadığını bildirib:
“Ümimiyyətlə, ÜST tərəfindən belə bir təşəbbüsün olması haqqında məlumatım yoxdur. Bununla yanaşı, COVID-19-a qarşı peyvənddən sonra əks göstərişi olan insanlara hansısa kompensasiyanın verilməsi ilə bağlı əlaqədar məlumatlarla qarşılaşmamışam".
Kamilə Əliyeva bildirib ki, əgər ÜST COVID infeksiyasına qarşı peyvənddən sonra ciddi əks göstərişi olan insanlara kompensasiya verilməsi barədə hər hansı tövsiyə ilə çıxış edərsə, bunu müsbət hal kimi qarşılayar.
Mövzu ilə bağlı Milli Məclisi Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev də danışıb. O, hazırda dünyada koronavirusa görə kompensasiya ödənilməsi ilə bağlı hansısa təcrübəsinin olmadığını qeyd edib:
“Dünyada elə praktika yoxdur. Tibb sahəsində kimsə müalicə alanda, səhhətində yaxşılaşma olmayanda, ona kompensasiya verilir? Səhiyyə Nazirliyinə müraciət daxil olsa belə, bildirim ki, elə bir mexanizm, qayda hazırda yoxdur. Azərbaycanda vurulan vaksinlərin ciddi ağırlaşması olmur. İstər koronavirus vaksini, istərsə də digər səbəbdən həkim səhvindən vətəndaş əziyyət çəkərsə və bu sübut olunarsa, dəyən zərərin ödənilməsinə, həkimin işinə məhkəmə qaydasında baxıla bilər".